DÜNYA
MADRİDDƏKİ TERROR AKTLARINDA ETA YARAQLILARININ ƏLİ OLMASI ƏSAS VERSİYA KİMİ İRƏLİ SÜRÜLÜR
AZƏRTAC-ın İTAR-TASS agentliyindən aldığı xəbərdə deyilir ki, Madriddə baş vermiş terror aktlarında ETA bask terror qruplaşması yaraqlılarının əli olması yenə də əsas versiya kimi irəli sürülür. Bunu martın 12-də daxili işlər naziri Anxel Asebes İspaniya milli radiosuna verdiyi müsahibəsində bildirmişdir. Lakin o, etiraf etmişdir ki, terror aktlarına aidiyyəti olan hər hansı bir informasiya tam ciddiyyətlə yoxlanmalıdır. Bundan əvvəl Asebes təcili surətdə keçirdiyi mətbuat konfransında bildirmişdi ki, Madriddə terror aktları araşdırılarkən yeni versiya araşdırılır. Buna səbəb polisin şəhər kənarındakı qəsəbələrin birində aşkar etdiyi şübhəli avtofurqonda yeddi detonator və ərəb dilində Qurandan bəzi parçaların maqnitofon yazısı tapmasıdır.
İspaniyanın xarici işlər naziri xanım Ana Palasio da demişdir ki, hələlik partlayışlarda ETA-nın əli olduğunu göstərən heç bir formal dəlil-sübut yoxdur.
Hər şey bütün bunların son aylar nəqliyyatda irimiqyaslı terror aksiyaları törətməyə cəhd etmiş ETA tərəfindən törədildiyini göstərir.
İspaniya XİN-in başçısı xatırlatmışdır ki, dekabr ayının sonunda polis ETA yaraqlılarına məxsus çantada 50 kiloqram partlayıcı maddə və Madridin xəritəsini tapmışdır.