SİYASƏT
MƏRKƏZİ SEÇKİ KOMİSSİYASINDA
Avqustun 10-da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası olmuşdur.
Komissiya Azərbaycan Respublikasının Milli Məclisinə 52 saylı Ağcabədi seçki dairəsi və 87 saylı Tovuz şəhər seçki dairəsi üzrə 2001-ci il noyabrın 16-na təyin olunmuş əlavə seçkilərdə Azərbaycan Liberal Demokrat Partiyasının səlahiyyətli nümayəndəsinin qeydə alınması haqqında Mərkəzi Seçki Komissiyasının katibi Q.Həsənquliyevin məlumatını dinləmiş, Emin Akif oğlu Quliyevin həmin partiyanın səlahiyyətli nümayəndəsi kimi qeydə alınması barədə qərar qəbul etmişdir.
Iclasda 87 saylı Tovuz şəhər seçki dairəsi üzrə əlavə seçkilərdə iştirak etmək üçün Azərbaycan Liberal Demokrat Partiyasının təqdim etdiyi siyahı təsdiq olunmuşdur.
Komissiya Mərkəzi Seçki Komissiyasının katibi Q.Orucovun Milli Məclisə seçkilər üzrə 52 saylı Ağcabədi seçki dairəsi dairə seçki komissiyasının üzvü Akif İslam oğlu Əliyevin şəxsi ərizəsinə əsasən dairə seçki komissiya üzvlüyündən azad edilməsi haqqında məlumatını dinləmişdir. Akif İslam oğlu Əliyevin həmin seçki komissiyası üzvlüyündən azad edilməsi qərara alınmışdır.
Kamil Famil oğlu Quliyev “Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər haqqında” Qanunun 19-cu maddəsinin 2-ci bəndinə əsasən, Mərkəzi Seçki Komissiyasında bitərəf deputatların təmsilçilərinin təqdimatına müvafiq surətdə 52 saylı Ağcabədi seçki dairəsi dairə seçki komissiyasının üzvü təyin olunmuşdur.
İclasda kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.
Mərkəzi Seçki Komissiyasının
Mətbuat Xidməti