SİYASƏT
MƏRKƏZİ SEÇKİ KOMİSSİYASINDA
Oktyabrın 31-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası olmuşdur.
İkinci çağırış Azərbaycan Respublikası Milli Məclisinə 14 saylı Qaradağ seçki dairəsindən deputat seçilmiş Nazim Hüseyn oğlu İbrahimov, 69 saylı İsmayıllı seçki dairəsindən deputat seçilmiş Mirmövsüm Kamil oğlu Abbasov, 91 saylı Xanlar-Daşkəsən seçki dairəsindən deputat seçilmiş Yaşar Tofiqi Əliyev dövlət orqanlarında vəzifəyə təyin edildiklərinə görə, Azərbaycan Respublikası Konstitusiyasının 89-cu maddəsinin 4-cü bəndinə əsasən onların deputat səlahiyyətlərinə xitam verilməsini nəzərə alaraq, Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər üzrə 14 saylı Qaradağ, 69 saylı İsmayıllı və 91 saylı Xanlar-Daşkəsən seçki dairələrində boş qalmış deputat yerlərinə əlavə seçkilərin 2003-cü il martın 5-nə, çərşənbə gününə təyin edilməsi qərara alınmışdır.
Milli Məclisə seçkilər üzrə 14 saylı Qaradağ, 69 saylı İsmayıllı və 91 saylı Xanlar-Daşkəsən seçki dairələrində əlavə seçkilərin hazırlanması və keçirilməsinə dair əsas tədbirlərin Təqvim Planı müzakirədən sonra təsdiq olunmuşdur.
İclasda Almaniyanın Bakıdakı səfirliyinin, Seçki Sistemləri üzrə Beynəlxalq Fondunun Beynəlxalq Respublikaçılar İnstitutunun, habelə kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.
Mərkəzi Seçki Komissiyasının
Mətbuat xidməti