MƏDƏNİYYƏT
M.Ə.SABİRİN 140 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNMUŞ ELMİ SESSİYA KEÇİRİLMİŞDİR
Mayın 31-də Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat Muzeyində mütəfəkkir şairimiz Mirzə Ələkbər Sabirin 140 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilmişdir.
Muzeyin direktoru, filologiya elmləri namizədi İsrafil İsrafilov elmi sessiyanı açaraq, XX əsrdə Azərbaycanda ədəbiyyatın, içtimai və bədii fikrin yeni istiqamətdə formalaşmasında dahi şairimiz Sabirin xidmətlərindən danışdı. Bildirdi ki, nə qədərki, azərbaycan xalqı yaşayır, onun maariflənməsi yolunda bütün əzablara qatlaşmış Sabir də yaşayacaqdır.
Filologiya elmləri doktorları Xeyrulla Məmmədov, Alxan Bayramov, habelə Muzeyin əməkdaşları Gülbəniz Babaxanova, Sara Hüseynova, Lalə İsayeva sessiyada məruzə etdilər.
Qeyd olundu ki, Sabir Azərbaycan satirik poeziyasına inqilabi mahiyyət verən novator şairdir. O zorakılığı, ədalətsizlik və cəhaləti, fırıldaqçı din xadimlərini, mühafizəkar, mürtəce ziyalıları, şərqin qəddar hökmdarlarını amansız tənqid atəşinə tutmuş, satirik Azərbaycan poeziyasını yüksək zirvələrə qaldırmışdır.
Sessiyada vurğulandı ki, “Molla Nəsrəddin“ jurnalında iştirakı Sabir yaradıcılığının ən yetkin və məhsuldar dövrü olmuşdur. Cəlil Məmmədquluzadə ilə yaradıcılıq və məslək dostluğu mütəfəkkir şairimizin həyat və yaradıcılığında mühüm rol oynamışdır.
Xalq şairi Qabil, filologiya elmləri doktoru, professor Qəzənfər Paşayev və başqaları çıxış edərək həmişəyaşar Sabir poeziyasının qüdrətindən, təsir gücündən söz açdılar.
Axırda şairin nəvəsi Gündüz Tahirli babasının xatirəsinə göstərilən diqqət və ehtirama görə minnətdarlığını bildirdi.