MƏDƏNİYYƏT
“MASANIN ÜSTÜNDƏ BİR ŞAM YANIRDI...”
İstedadlı insan çox vaxt hər cəhətdən istedad sahibi olur. Xalq yazıçısı Anarın rus dilindən ana dilinə şer tərcümələrinin toplandığı miniatür kitabın respublika “Kitab” cəmiyyətinin, daha doğrusu, onun yorulmaz sədri Zərifə Salahovanın təşəbbüsü ilə martın 3-də Miniatür Kitab Muzeyində keçirilmiş təqdimat mərasimində iştirak edənlərdən hər biri, yəqin, belə düşünürdü.
Tədbir iştirakçıları Blokun, Mayakovskinin, Yeseninin və Pasternakın çoxlarına tanış olan şerlərini - əvvəlcə xalq artisti Lyudmila Duxovnayanın rus dilində, sonra da mütərcinin özünün Azərbaycan dilində ilhamla oxuduqları şerləri heyranlıqla dinləyirdilər.
“Masanın üstündə bir şam yanırdı...” – bu, Pasternakın şerindən bir misradır və incə zövqlə nəfis tərtib edilmiş, yüksək poliqrafik səviyyədə 500 nüsxə tirajla buraxılmış kitab da məhz belə adlanır.
Anarın şerlərin ahəngini saxlaması, orijinala çox yaxın təcüməsi oxucunu heyran qoyur. Şairlərdən Çingiz Əlioğlu və “Literaturnı Azerbaydjan” jurnalının redaktoru Mansur Vəkilov, “Kitab” cəmiyyəti idarə heyətinin üzvü, Yazıçılar Birliyinin katibi Çingiz Abdullayev öz çıxışlarında bu barədə danışdılar.
Onlar yekdilliklə bildirdilər ki, özünü nə şair, nə də mütərcim hesab edən Anar ancaq onun qəlbini riqqətə gətirən sevdiyi şerlərin tərcüməsinə girişmişdir. Rusiyanın Azərbaycandakı səfirliyinin mədəniyyət üzrə müşaviri Parmen Şenşinin dediyi kimi, məhz buna görə də Anarın bu tərcümələri poeziya həvəskarlarının hansısa bir qrupunun qəlbində yeni duyğular oyadacaqdır.
Bu gözəl kitab bayramının “səbəbkarı” Anar da, ona xoş arzularını söyləyən “Kitab” cəmiyyəti idarə heyətinin üzvləri – Şəmsəddin Axundov da, hərbi nəşriyyatın direktoru Maşallah Məftun da, miniatür kitablardan ibarət nadir bir kolleksiyanın toplayıcısı kimi ölkəmizdə də, onun hüdudlarından kənarda da şöhrət qazanmış Zərifə xanım Salahovaya dərin minnətdarlıqlarını bildirdilər. Yeri gəlmişkən deyək ki, həmin miniatür kitabların bir çoxunu Zərifə xanım özü nəşr etdirmişdir.
İndi isə bu misilsiz xəzinə daha bir nəşrlə zənginləşmişdir və o, heç şübhəsiz, kolleksiyanın yaraşığı olacaqdır.