SİYASƏT
MƏTBUAT ŞURASI JURNALİSTLƏRİN PEŞƏ DAVRANIŞI İLƏ BAĞLI KEÇİRDİYİ MONİTORİNQİN NƏTİCƏLƏRİNİ AÇIQLAMIŞDIR
Bu münasibətlə keçirilən tədbirdə mətbuat şurasının sədri Əflatun Amaşov 2003-cü ildə yaradılmış təşkilatın gördüyü işlərdən danışmışdır. Qeyd edilmişdir ki, 2003-cü ildə 50 nəfər mətbuat işçisi ilə bağlı məhkəməyə müraciət olunmuş, 1 milyard 590 min manat cərimə ödənilmişdir. 2004-cü ildə jurnalistlərə qarşı 11 məhkəmə iddiası qaldırılmış, ödənilən cərimənin məbləği 45 milyon manat təşkil etmişdir.
Son üç ayda seçkilərlə bağlı Şuraya 200-dən çox müraciət daxil olmuşdur. Şikayətlərin əksəriyyəti deputatlığa namizədlər tərəfindən edilmişdir. Bəzi mətbuat orqanlarında namizədlərə qarşı əsassız ittihamlara, hətta təhqirlərə yol verildiyi, sifarişli yazıların dərc olunduğu diqqətə çatdırılmışdır.
Sonra Şura üzvləri çıxış edərək, Azərbaycan jurnalistikasına ləkə gətirən bu cür hallarla mübarizə üçün təkliflər irəli sürmüş, problemin qarşısının alınması ilə bağlı müddəaların qanunvericilik aktlarında daha konkret əksini tapmasını arzulamışlar.