ELM VƏ TƏHSİL
MDBMİ-NİN PROFESSORU BAKI SLAVYAN UNİVERSİTETİNDƏ MÜHAZİRƏ OXUYUR
AZƏRTAC xəbər verir ki, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (universitetinin) beynəlxalq hüquq kafedrasının müdiri, professor Yuri Kolosov Bakı Slavyan Universitetinin konfrans salonunda “Beynəlxalq hüququn müasir aktual problemləri” mövzusunda mühazirə oxumuşdur. Y.Kolosov keçmiş ittifaq respublikaları üçün aktual olan insan hüquqlarının beynəlxalq müdafiəsi, ərazi bütövlüyünün tanınması, BMT beynəlxalq hüququnun böhranı kimi problemlərdən ətraflı danışmışdır.
Mühazirəçi demokratiya və beynəlxalq cinayət hüququ prinsiplərinin əhəmiyyətini aydınlaşdırmış, qeyri-hökumət təşkilatlarının beynəlxalq münasibətlərdə artan rolundan və onlara təsirindən söhbət açmışdır. Bu isə beynəlxalq vətəndaş cəmiyyətinin təşəkkülündən danışmağa imkan verir.
BSU-nun rektoru, professor Kamal Abdullayev çıxışında bildirmişdir ki, ali məktəblərimiz arasında qarşılıqlı münasibətlər uğurla inkişaf edir. İmzalanmış sazişdə tələbələrin qarşılıqlı təcrübə keçməsi də nəzərdə tutulmuşdur.
Bu günlərdə BSU-nun tələbə və müəllimləri Avropa Hüququ İnstitutunun direktoru M.Entinin də mühazirələrini dinləyəcəklər.