SİYASƏT
MDB-nin qərargahında Azərbaycanda terrorizmə və ekstremizmə qarşı mübarizə sahəsində iş təcrübəsi müzakirə ediləcək
Minsk, 2 sentyabr, AZƏRTAC
MDB-nin Belarus paytaxtındakı qərargahının mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, sentyabrın 7-də Minskdə MDB iştirakçısı olan dövlətlərin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının iclası keçiriləcək.
İclas iştirakçıları Azərbaycanda terrorizmə və digər zorakı ekstremizm təzahürlərinə qarşı mübarizə, Belarusda iqtisadi cinayətkarlığa qarşı mübarizə, Qazaxıstanda həbsxanalarda saxlanılanların sayının azaldılması üzrə iş təcrübəsini və başqa məsələləri müzakirə edəcəklər.
İclasda həmçinin, Qırğızıstanda seçkilər keçirilən dövrdə vətəndaşların biometrik məlumatlarından istifadə edilməklə qanuniliyin təmin edilməsi, Rusiyada cinayət məhkəmə icraatının məhkəməyəqədər mərhələsində yetkinlik yaşına çatmayanların hüquqlarının müdafiəsi, MDB ölkələrinin prokurorluqları ilə beynəlxalq hüquqi əməkdaşlıq sahəsində Moldova prokurorluğunun təcrübəsi və başqa məsələlərin də müzakirə edilməsi nəzərdə tutulur. Nürnberqdə beynəlxalq hərbi tribunalın 70 illiyinə dair bəyanat məsələsinə də baxılacaq.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk