ELM VƏ TƏHSİL
MEK-in fonduna Küveytdə ərəb dilində işıq üzü görən nəşrlər daxil edilib
Bakı, 31 yanvar, AZƏRTAC
AMEA-nın Mərkəzi Elmi Kitabxanasının (MEK) Qarabağ müharibəsi qəhrəmanları fonduna Küveytdə ərəb dilində işıq üzü görən nəşrlər daxil olub.
MEK-dən AZƏRTAC-a bildirilib ki, kitabxananın beynəlxalq əlaqələri çərçivəsində daxil olan “Tarixdə 44 gün”, “Şuşa: Azərbaycan mədəniyyətinin paytaxtı, Qarabağın incisi” adlı kitabların müəllifi ölkəmizin Küveytdəki səfirliyinin I katib-konsulu Mirdavud Sultanovdur.
“Şuşa: Azərbaycan mədəniyyətinin paytaxtı, Qarabağın incisi” adlı kitabda XVIII-XX əsrlərdə Şuşa şəhərinin tarixi, mədəniyyəti, coğrafiyası, ölkə Prezidenti İlham Əliyevin Şuşaya səfərləri və işğaldan sonra burada keçirilən tədbirlər haqqında məlumatlar əks olunub.
Müəllifin “Tarixdə 44 gün” kitabı II Qarabağ müharibəsinin başlandığı gün Ali Baş Komandan, Prezident İlham Əliyevin xalqa etdiyi müraciəti və Azərbaycan Respublikasının Küveytdəki səfiri Elxan Qəhrəmanın bu müharibə haqqında verdiyi məlumatla başlayır. Kitabda 44 gün ərzində dövlətimizin başçısının yürütdüyü xarici və daxili siyasəti, dünya ölkələrinin mövqeyi, eləcə də Ümummilli Lider Heydər Əliyevin Qarabağ probleminin həllinə istiqamətlənmiş siyasəti yer alıb.