İQTİSADİYYAT
MEMORANDUM İMZALANMIŞDIR
Azərbaycanın iqtisadi inkişaf naziri Fərhad Əliyev Bakıda səfərdə olan İslam İnkişaf Bankının İnfrastruktur və Maliyyə-1 İdarəsinin rəisi doktor Valid Abdelvahabın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür. Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, bankın nümayəndə heyəti iyulun 5-dən Azərbaycanda səfərdədir. Səfər zamanı aidiyyatı dövlət qurumları ilə “Ucar-Yevlax yolu”, “Azərbaycan Beynəlxalq Bankı üçün maliyyələşdirmə xətlərinin açılması”, “Zəlzələnin nəticələrinin aradan qaldırılması”, “Xanarx Kanalı-1”, “Texniki yardım – Maliyyə Nazirliyi üçün qrant” və s. layihələr müzakirə olunmuşdur. İran İnkişaf Bankı tərəfindən maliyyələşdirilməsi nəzərdə tutulan “Ucar-Yevlax yolu” layihəsinin ümumi dəyəri 31,046 milyon ABŞ dollarıdır. Bunun 22 milyon ABŞ dollarının İslam İnkişaf Bankı tərəfindən ayrılması nəzərdə tutulur. Bankın maliyyələşdirəcəyi digər layihə “Azərbaycan Beynəlxalq Bankı üçün maliyyələşdirmə xətlərinin açılması”dır. Layihə çərçivəsində kiçik və orta müəssisələrin maliyyələşdirilməsi məqsədilə İslam İnkişaf Bankının Azərbaycan Beynəlxalq Bankı üçün lizinq, müddətli satış və istisna maliyyələşdirməsi xəttinin 7 milyon ABŞ dollarına qədər artırılması nəzərdə tutulur. Nümayəndə heyətinin səfəri zamanı “Zəlzələnin nəticələrinin aradan qaldırılması” layihəsinin həyata keçirilməsinin tezləşdirilməsi ilə bağlı razılıq əldə olunmuşdur. Dörd komponentin (40 məktəb, 3 körpü, Bakının 9 rayonunda qaz kəməri, su anbarı və nasos stansiyası) hər birinin bəyənilməsi üçün texniki spesifikasiya və tender sənədləri layihəsinin banka göndərilməsi barədə razılıq əldə edilmişdir. İslam İnkişaf Bankının Azərbaycanda olan nümayəndə heyəti “Kənd rayonlarının bərpası” layihəsinin həyata keçirilməsinin gedişi ilə tanış olmuşdur. Layihə uğurla həyata keçirilir və 2003-cü ilin dekabr ayında başa çatdırılması nəzərdə tutulur. Bankın maliyyələşdirdiyi “Ələt-Qazıməmməd yolunun tikintisi” layihəsi üzrə işlərin böyük əksəriyyəti başa çatdırılmışdır. Nümayəndə heyətinin Azərbaycana səfərinin nəticəsi ilə bağlı Anlaşma Memorandumu imzalanmışdır. Sənədi iqtisadi inkişaf naziri F.Əliyev və İslam İnkişaf Bankının İdarə rəisi doktor Valid Abdelvahab imzalamışlar.