SİYASƏT
MİLLİ MƏCLİSDƏ MÜŞAVİRƏ
Yanvarın 30-da Milli Məclisin sədri Murtuz Ələsgərov parlamentin daimi komissiya sədrlərinin və Aparatın şöbə müdirlərinin müşavirəsini keçirmişdir. Müşavirədə 2002-ci ilin yaz sessiyası ərzində müzakirə edilməsi nəzərdə tutulan qanun layihələri ətrafında geniş fikir mübadiləsi aparılmışdır. Ölkədə həyata keçirilən əsaslı islahatların, demokratikləşdirmə prosesinin hüquqi bazasının daha da möhkəmləndirilməsi və təkmilləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyevin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi qanun layihələrinin qısa zamanda müzakirə və qəbul olunmasının zəruriliyi qeyd edilmişdir.
Milli Məclis sədrinin birinci müavini Arif Rəhimzadə, sədr müavini Ziyafət Əsgərov, parlamentin daimi komissiyalarının sədrləri, Aparatın rəhbəri və işlər müdiri müzakirədə çıxış edərək, parlamentin yaz sessiyası üçün nəzərdə tutulan qanunvericilik işləri planı, habelə ölkənin qanunvericilik orqanının fəaliyyətinin təminatı məsələləri barəsində mülahizələrini bildirmişlər.
Milli Məclisin sədri Murtuz Ələsgərov müşavirəyə yekun vuraraq, fevralın 1-də başlanacaq yaz sessiyasında parlamentin qanun yaradıcılığı fəaliyyətinin daha da təkmilləşdirilməsi üçün tövsiyələrini söyləmişdir.
Milli Məclisin
mətbuat xidməti