SİYASƏT
MİLLİ MƏCLİSİN NÜMAYƏNDƏ HEYƏTİ BAKIYA QAYITMIŞDIR
Milli Məclisin sədri Murtuz Ələsgərovun rəhbərliyi ilə Böyük Britaniyada səfərdə olan parlament nümayəndə heyəti martın 15-də Bakıya qayıtmışdır. Nümayəndə heyətinin tərkibinə Milli Məclisin deputatları Cəlal Əliyev, Mikayıl Mirzəyev, Asəf Hacıyev, Vaqif Abdullayev daxil idilər.
Murtuz Ələsgərov Binə hava limanında jurnalistlərə bildirmişdir ki, Böyük Britaniya parlamentinin hər iki palatasının dəvəti ilə həyata keçirilən səfərdən əsas məqsəd ölkələrimiz arasında parlamentlərarası əlaqələrin inkişaf etdirilməsi olmuşdur. Böyük Britaniya, Şotlandiya parlamentlərində keçirilən görüşlər zamanı ölkələrimiz arasında əlaqələrin inkişaf etdirilməsi, qanunvericilik təcrübəsinin öyrənilməsi və digər məsələlər müzakirə olunmuşdur. Görüşlər zamanı Dağlıq Qarabağ münaqişəsi məsələsinə də toxunulmuşdur. Böyük Britaniya parlamentinin təmsilçiləri Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Azərbaycanı müdafiə etdiklərini, problemin sülh yolu ilə aradan qaldırılmasına tərafdar olduqlarını bildirmişlər.
ATƏT-in sədri Bryus Corcla keçirilən görüşdə də ATƏT-lə Azərbaycan arasında münasibətlərin inkişaf etdirilməsi, habelə Dağlıq Qarabağ münaqişəsinin həlli yolları müzakirə olunmuş, bu sahədə ATƏT-in rolunun daha da artırılması məsələsi xüsusi vurğulanmışdır. Yaxın vaxtlarda ATƏT-in sədrinin şəxsi nümayəndəsi regiona səfər edəcəkdir.
Murtuz Ələsgərov onu da demişdir ki, səfər zamanı keçirilən digər görüşlərdə Böyük Britaniya iş adamlarının Azərbaycana marağının artması xüsusi qeyd olunmuşdur.