SİYASƏT
MİLLİ OLİMPİYA KOMİTƏSİNDƏ “HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCAN İDMANI” VƏ “GƏLƏCƏK GƏNCLƏRİNDİR” KİTABLARININ TƏQDİMATI KEÇİRİLMİŞDİR
Nəşrlərin baş redaktoru, nazir Əbülfəz Qarayev mərasimdə çıxış edərək, görkəmli siyasi xadim Heydər Əliyevin müstəqil Azərbaycanın təşəkkülündə misilsiz rolundan danışdı və vurğuladı ki, ümummilli liderimiz bütün siyasi fəaliyyəti ərzində gənclər siyasətinin həyata keçirilməsinə, idmanın inkişafına da böyük diqqət yetirmişdir. Nazirliyin rəhbərliyi “Azərbaycan Respublikasının dövlət gənclər siyasəti” seriyasından kitablar nəşr olunması haqqında qərar qəbul etmişdir. “Gələcək gənclərindir” kitabı bu seriyadan ilk nəşrdir. Burada Prezident Heydər Əliyevin gənclərlə bağlı müxtəlif dövlət tədbirlərində nitqlərinin mətnləri, fərman və sərəncamları toplanmışdır.
“Heydər Əliyev və Azərbaycan idmanı” kitabında isə ümummilli liderimizin ötən əsrin 70-ci illərindən başlayaraq milli idmanın inkişafında rolu araşdırılır.
Mərasimdə tələbələrin, Ordudan Tərxis Olunmuş Gənclər Cəmiyyətinin, idman təşkilatlarının nümayəndələri çıxış etdilər.
Tədbirdə Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının müəllimlərinə “Azərbaycanın əməkdar müəllimi” vəsiqələri də təqdim olundu. Onlar bu ada Prezident Heydər Əliyevin Fərmanı ilə həmin ali məktəbin 70 illiyi münasibətilə layiq görülmüşlər.