SİYASƏT
MİLLİ OLİMPİYA KOMİTƏSİNİN PREZİDENTİ İLHAM ƏLİYEV OLİMPİYA VƏ AVROPA ÇEMPİONU NAMİQ ABDULLAYEVİ QƏBUL ETMİŞDİR
Mayın 27-də Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev sərbəst güləş üzrə Olimpiya və üçqat Avropa çempionu Namiq Abdullayevi və onun məşqçilərini qəbul etmişdir.
Avropa çempionatında növbəti uğuru münasibətilə idmançını təbrik edən İlham Əliyev, onun qələbələrinin dərin bir məntiqə əsaslandığını və Namiq Abdullayevin Azərbaycanın bütün idmançılarına nümunə olduğunu söylədi.
Milli Olimpiya Komitəsinin prezidenti vurğuladı ki, böyük idmanda, demək olar, bütün yüksək mükafatları qazanmış Namiq Abdullayev bir müddət zədələnməsinə və müalicə olunmasına baxmayaraq, özündə güc taparaq növbəti dəfə Avropa çempionatının qalibi olmuşdur. Bu onu göstərir ki, əgər idmana məsuliyətlə yanaşılsa, qələbə labüddür. Məhz işə məsuliyətlə yanaşmamaq və arxayınçılıq bəzi yeniyetmə və pespektivli idmançılara daha yüksək nəticələr əldə etməyə mane olur. Namiq Abdullayevin, hətta idmanda ən yüksək nəticəyə nail olandan - Olimpiya oyunlarında qızıl medala layiq görüləndən sonra da qarşıdakı bütün yarışlara çox böyük bir məsuliyyətlə hazırlaşmasını gənc idmancılar üçün örnək olduğunu bildirən İlham Əliyev Azərbaycanın idman şərəfini layiqincə qoruduğuna və yüksək vətənpərvərlik nümayiş etdirdiyinə görə ona bir daha təşəkkürünü bildirdi.
MOK prezidenti qarşıdakı dünya çempionatında və gələn il Afinada keçiriləcək olimpiya oyunlarında da Namiq Abdullayevə və məşqçilərinə yeni-yeni qələbələr arzuladı. O dedi ki, Namiq Abdullayev Azərbaycan idmanının böyük bir sərvətidir, ancaq gənc idmançılar da yüksək səylər göstərməli və onun səviyyəsinə qalxmalıdırlar.
Qəbula görə təşəkkürünü bildirən sərbəst güləş üzrə milli yığma komandamızın baş məşqçisi Yaqub Məmmədov idmanımızda qazanılmış bütün nailiyyətlərin məhz İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti seçildikdən sonra əldə olunduğunu vurğuladı. O, idmançılara, o cümlədən güləşçilərə yaradılmış yüksək şəraiti, müasir tipli idman komplekslərinin istifadəyə verilməsini bu nəticələrin əldə olunmasında mühüm amil kimi dəyərləndirdi.
Yaqub Məmmədov daha sonra güləşçilərimizin qarşısındakı məsul yarışlara hazırlıq prosesi barədə Milli Olimpiya Komitəsinin prezidentinə ətraflı məlumat verdi.
Olimpiya və üçqat Avropa çempionu Namiq Abdullayev də idmanımıza göstərdiyi diqqət və qayğıya görə İlham Əliyevə dərin minnətdarlığını bildirdi, qarşıdakı yarışlarda da yüksək nəticələr əldə edəcəyinə ümid bəslədiyini vurğuladı.
Görüşün sonunda Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev yarışlara hazırlıqla maraqlandı, mövcud problemlərin tez bir zamanda həll ediləcəyini bildirdi.
Milli Olimpiya Komitəsinin prezidenti görüş iştirakçıları ilə xatirə şəkli çəkdirdi.
Görüşdə gənclər, idman və turizm naziri Əbülfəz Qarayev iştirak edirdi.
Foto Yaşar Xəlilovundur