SİYASƏT
MİLLİ TƏHLÜKƏSİZLİK NAZİRLİYİ MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI
Mayin 15-16-da Gürcüstanın Borjomi şəhərində MDB-nin üzvü olan dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının on ikinci iclası keçirilmişdir. Milli təhlükəsizlik nazirinin müavini polkovnik Fuad İskəndərovun rəhbərliyi ilə Azərbaycan Respublikasının nümayəndə heyəti də iclasda iştirak etmişdir.
İclasda MDB-nin üzvü olan dövlətlərdə beynəlxalq terrorizmə, qanunsuz miqrasiyaya, narkotik maddələrin qaçaqmalçılığına və mütəşəkkil cinayətkarlığın digər növlərinə qarşı mübarizə sahəsində əməkdaşlıq məsələləri ətrafında geniş müzakirələr aparılmış, bir sıra sənədlər imzalanmışdır.
Azərbaycan tərəfinin hazırladığı “MDB-nin üzvü olan dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları arasında sənədli arxiv materiallarının mübadiləsi sahəsində əməkdaşlıq haqqında” Protokol tədbir iştirakçıları tərəfindən yüksək qiymətləndirilmişdir. Ermənistan tərəfinin sənədə iddialı rəy bildirmək cəhdi digər iştirakçılar tərəfindən qəbul edilməmiş, ona yekdilliklə səs verilmişdir.
Protokolun qəbulunun müstəsna əhəmiyyəti ondan ibarətdir ki, indiyədək MDB məkanında digər xüsusi xidmət orqanlarının arxivlərində qapalı saxlanılan qiymətli sənədlərin, o cümlədən azərbaycanlılara aid materialların əldə olunması üçün zəruri hüquqi baza yaranmışdır. Ötən əsrin 20-50-ci illərinin Stalin repressiyalarının qurbanları, həbs düşərgələrində dəhşətli əzablar çəkmiş, taleləri indiyədək naməlum qalmış minlərlə soydaşımız barədə sənəd və materialların müxtəlif ölkələrin arxivlərindən gətirilərək, Azərbaycanda cəmləşdirilməsi və gələcəkdə tədqiqat üçün elmi dövriyyəyə buraxılması mümkün olacaqdır.
Müşavirənin gündəliyindəki 12 məsələdən 8-i terrorizmlə mübarizə problemlərinə həsr edilmişdir. İştirakçılar hazırda bütün dünyada beynəlxalq terrorizmə qarşı birgə mübarizənin böyük əhəmiyyətini və səmərəsini xüsusi vurğulamış, MDB-nin üzvü olan dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanlarının əməkdaşlığının konkret istiqamətlər üzrə həyata keçirilməsinə dair fikir mübadiləsi aparmışlar.
Azərbaycan nümayəndə heyətinin terrorizmin təcavüzkar separatizmin təzahürlərindən biri olduğu barədə bir daha vurğulanan mövqeyini Gürcüstan tərəfi birmənalı şəkildə dəstəkləmişdir. Ermənistan tərəfinin əsassız irad və bəhanələrinə baxmayaraq, ötən iclaslarda olduğu kimi, Borjomidəki müzakirələrdə də Şura üzvləri Azərbaycan tərəfindən hazırlanmış və 2000-ci ilin sentyabrında Kiyev şəhərində qəbul edilmiş “Dini, etnik və siyasi pərdə altında təzahür edən terrorizmə, separatçılığa və digər ekstremist fəaliyyətə qarşı MDB dövlətləri təhlükəsizlik və xüsusi xidmət orqanlarının əməkdaşlığı haqqında” Protokolun bu cinayətlərə qarşı mübarizədə birgə fəaliyyətə hüquqi zəmin yaratdığını qeyd etmişlər. Ermənistan tərəfinin etirazlarına əhəmiyyət verilməyərək, Protokolun icrasının gedişi haqqında məsələ Şuranın növbəti iclasının gündəliyinə salınmış və onun hazırlanması Azərbaycan tərəfinə həvalə olunmuşdur.
Təcavüzkar separatçılığın Cənubi Qafqazda əsas təhdid mənbəyi kimi cərəyan etməsi, təcavüzlərə şərait yaratması və beynəlxalq terrorçuluqla əlaqəli olması Gürcüstan Prezidenti Eduard Şevardnadzenin müşavirə iştirakçılarına müraciətində və nümayəndə heyətlərinin qəbulu zamanı bir daha səslənmişdir.
Şuranın növbəti iclasının 2002-ci ilin sentyabrında Moldovanın paytaxtı Kişinyov şəhərində keçirilməsi qərara alınmışdır.
İclasın yekunlarına dair mətbuat konfransı keçirilmişdir. Mətbuat konfransında təcavüzkar separatçılığa və din pərdəsi altında cərəyan edən terrorizmə qarşı mübarizədə Azərbaycan tərəfinin mövqeyi bir daha açıqlanmışdır.