MİNİATÜR KİTABLAR KOLLEKSİYASINA DAHA BİR TÖHFƏ
ÜMUMMİLLİ LİDERİMİZİN NİTQİ MİNİATÜR NƏŞRDƏ
Azərbaycan, rus və ingilis dillərində, 28x36 millimetr formatda 100 nüsxə tirajla buraxılmış, 112 səhifəlik nəşrin üzərində BMT-nin emblemi, forzasında isə ölkəmizin tarixi abidələrini əks etdirən xəritəsi verilmişdir. Kitaba 10-dan artıq rəngli və ağ-qara şəkil əlavə edilmişdir.
Ümummilli liderimiz 2000-ci il sentyabrın 7-də söylədiyi həmin nitqində qarşıdan gələn minillikdə dünya necə olacaqdır sualına cavab verməyə çalışır. Müdrik siyasətçinin qənaətinə görə, “İki sistemin qarşıdurmasının tarixə qovuşması, demokratiya və sərbəst bazar ideyalarının üstünlük qazanıb yayılması elə bir dünyanın qurulmasına kömək etməlidir ki, orada bütün dövlətlərin mənafeləri nəzərə alınacaq və həqiqətən bərabərhüquqlu tərəfdaşlıq sahmana salınacaqdır. Amma beynəlxalq vəziyyətin inkişafının təhlili bizi belə bir acı nəticəyə gətirir ki, rəqabət stereotipləri hələ də mövcuddur. Biz çox çətin dövrdə yaşayırıq, düzgün olmayan bircə addım vəziyyəti alt-üst edə və keçmişə faciəli qayıdışa səbəb ola bilər. Ədalətli və təhlükəsiz dünya qaydası yaratmaq üçün çətin yol keçmək lazım gələcək və biz hamımız bu məqsədə can atmalıyıq”.
Azərbaycanın böyük oğlu peyğəmbərcəsinə deyilmiş bu sözlərdən sonra yüksək tribunadan Ermənistanın təcavüzkarlıq siyasətini pisləyir, BMT-nin Təhlükəsizlik Şurasını öz qətnamələrinin yerinə yetirilməsi üçün bütün lazımi tədbirləri görməyə çağırır. Təklif edir ki, Cənubi Qafqaz regionuna siyasi tamlıq və bitərəflik statusu verilsin, çünki bu, “Cənubi Qafqaz dövlətlərinin normal qarşılıqlı münasibətlərini qaydaya salmağa və onların dünya iqtisadi sisteminə ahəngdar inteqrasiyasını təmin etməyə imkan verər”.