SİYASƏT
MİNSKDƏ BELARUS VƏ AZƏRBAYCANIN MÜDAFİƏ NAZİRLƏRİNİN GÖRÜŞÜ
Müdafiə Nazirliyi mətbuat xidmətindən bildirmişlər ki, avqustun 27-də Belarusun Müdafiə Nazirliyində general-polkovnik L.Maltsev general-polkovnik S.Əbiyevi və nümayəndə heyətini qəbul etmişdir. Müdafiə nazirləri əvvəl təkbətək, sonra geniş heyətdə görüşmüşlər.
General-polkovnik L.Maltsev demişdir ki, iki dövlətin müdafiə nazirləri ikitərəfli əməkdaşlığın yaradılması məqsədi ilə ilk dəfədir görüşürlər. Biz Azərbaycanın Müdafiə Nazirliyi ilə əməkdaşlıqda çox maraqlıyıq. Bu təşəbbüsü Belarus Respublikasının siyasi rəhbərliyi də dəstəkləyir. General-polkovnik S.Əbiyev səmimi qəbul üçün təşəkkür edərək vurğulamışdır ki, indiyədək biz yalnız MDB Müdafiə Nazirləri Şurası çərçivəsində görüşlər keçirmişik. Artıq ikitərəfli əməkdaşlığa keçməyin vaxtı çatmışdır. İnanıram ki, bu əməkdaşlıq hər iki dövlətin Silahlı Qüvvələri üçün faydalı olacaqdır.
General-polkovnik S.Əbiyev Cənubi Qafqaz regionunda mövcud olan hərbi-siyasi vəziyyəti, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti, münaqişəsinin nəticələri barədə danışaraq demişdir ki, Azərbaycan müharibə istəmir, lakin onu müharibəyə təhrik edirlər.
Belarus naziri Ermənistan-Azərbaycan münaqişəsinin indiyədək həll edilməməsindən təəssüfləndiyini bildirmişdir. O demişdir ki, biz hesab edirik, bu münaqişə BMT-nin prinsiplərinə uyğun olaraq, beynəlxalq hüquq normaları çərçivəsində həll edilməlidir.
Müdafiə nazirləri Azərbaycan-Belarus hərbi əməkdaşlıq məsələlərini geniş müzakirə edərək, onun əsas istiqamətlərini müəyyən etmişlər. Onlar konkret olaraq hərbi-texniki əməkdaşlıq, birgə hərbi-elmi tədqiqat işlərinin aparılması, kadr hazırlığı və digər sahələrdə əməkdaşlıq etmək qərarına gəlmişlər.
General-polkovnik S.Əbiyev demişdir: “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Belarus Respublikası ilə hərbi əməkdaşlığı dəstəkləyir. Mən sizi Azərbaycana rəsmi səfərə dəvət edirəm. Siz Bakıya gələnə qədər iki dövlətin müdafiə nazirlikləri arasında əməkdaşlıq haqqında Sazişin mətni hazır olacaqdır və biz onu imzalayacağıq”.
General-polkovnik L.Maltsev dəvəti qəbul etmişdir.
Səfər zamanı general-polkovnik S.Əbiyev Belarus Respublikasının Hərbi Akademiyası və Belarus Milli Texniki Universiteti, Belarusun bir neçə hərbi sənaye müəssisəsi və onların istehsal etdiyi məhsullarla tanış olmuşdur.
Avqustun 28-də müdafiə nazirləri ikinci dəfə görüşmüş, Azərbaycan-Belarus hərbi əməkdaşlığını danışıqlar müstəvisindən tezliklə praktiki müstəviyə keçirmək qərarına gəlmişlər.
Azərbaycan nümayəndə heyəti avqustun 28-də Vətənə qayıtmışdır.