İQTİSADİYYAT
MİSİRDƏ XOCALI SOYQIRIMINA HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLMİŞDİR
Fevralın 26-da səfirlikdə Xocalı faciəsi ilə bağlı keçirilən tədbirdə MƏR-in Xarici İşlər Nazirliyinin, Afro-Asiya Yazıçıları İttifaqının nümayəndələri, ölkədə geniş oxucu kütləsinə malik “Əl-Əhram”, “Əl-Cumhuriyyə”, “Əl-Vafd”, “Əl-Əxbar”, “Əl-Siyasi Əl-Masri”, “Əl-Diplomasi Əl-Dauli” qəzetlərinin, “Əş-Şərq Əl-Ausat Xəbərlər Agentliyi”nin və “Əl-Vatan Əl-Arabi” jurnalının müxbirləri, bir sıra səfirliklərin ttəmsilçiləri, həmçinin Misirdə təhsil alan və yaşayan həmvətənlərimiz iştirak etmişlər.
Səfir Faiq Bağırov 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri və onların havadarları olan 366-cı motoatacı alayın şəxsi heyəti tərəfindən Xocalının tamamilə dağıdılması və dinc əhalinin xüsusi qəddarlıqla qətlə yetirilməsi barədə danışmışdır.
Misirin Ayn Şəms Universitetinin tələbəsi Mirdavud Sultanov Xocalı soyqırımının ağır nəticələri və beynəlxalq təşkilatların münaqişə ilə əlaqədar qəbul etdiyi qərarlar barədə məlumat vermiş, “Məhv edilmiş şəhər” filmi nümayiş etdirilmişdir.
Səfir F.Bağırov tədbir iştirakçılarının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun səbəbləri, xalqımıza qarşı törədilmiş digər cinayətlər, habelə Azərbaycan Prezidenti İlham Əliyevin münaqişənin sülh yolu ilə həlli istiqamətində yürütdüyü siyasət barədə çoxsaylı suallarına cavab vermişdir.
Sonda Xocalı soyqırımının 14-cü ildönümü ilə əlaqədar press-reliz, “Armenian Deception”, “Historical Facts of Armenians Actions in Azerbaijan Land”, “Genoside”, “Mountainous Garabagh”, “Armenian Terror” kitabları, Xocalı faciəsinə həsr edilmiş “Diplomatiya aləmi” jurnalının və “Məhv edilmiş şəhər” filminin nüsxələri tədbir iştirakçılarına paylanmışdır.