İDMAN
MOK “Olimpiya Oyunları – Uğur hekayələri” mövzusunda yazı müsabiqəsi elan edir
Bakı, 4 iyun, AZƏRTAC
Azərbaycan Milli Olimpiya Komitəsi (MOK) 22 iyul – Milli Mətbuat Günü münasibətilə “Olimpiya Oyunları – Uğur hekayələri” mövzusunda yazı müsabiqəsi elan edir.
MOK-dan AZƏRTAC-a bildiriblər ki, müsabiqəyə idmançıların mübariz və cəsarətli addımları ilə müşayiət olunan həyat yolundan, Olimpiya Oyunlarına qatılan atletlərin uğur hekayələrindən bəhs edən araşdırma yazılar təqdim olunmalıdır. Qlobal pandemiya bütün dünyaya, o cümlədən idmana təsirsiz ötüşmədi. Ancaq “Olimpiya alovu dünyanın indi olduğu qaranlıq tunelin sonunda işıq ola bilər” ifadəsi Olimpiya hərəkatından dünyaya müsbət və ümidverici bir mesaj oldu.
Uğursuzluqlara, ətrafdakı insanların ümidzisliyinə baxmayaraq, idmandan uzaqlaşmayan, uğur və qələbə ilə adını Olimpiya tarixinə yazan idmançılardan bəhs edən yazılar müsabiqəyə təqdim edilməlidir. Hər jurnalist müsabiqəyə bir yazı təqdim edə bilər. Yazı MOK tərəfindən elan edilmiş istiqamətə uyğun olmalıdır. Dərc olunmuş yazıda “Milli Olimpiya Komitəsinin keçirdiyi müsabiqəyə təqdim etmək üçün” qeydi göstərilməlidir.
Yazıların qəbulu iyunun 10-dan iyulun 10-dək davam edəcək.
Qaliblərin adları iyulun 20-də açıqlanacaq. Bütün yazıların müəllifləri isə iyunun 10-dan iyulun 10-dək yazılarını çalışdıqları saytlarda və ya qəzetlərdə dərc etməlidirlər.
İlk üç yeri tutacaq jurnalistlərə pul mükafatı təqdim olunacaq.