İQTİSADİYYAT
MOSKVADA AZƏRBAYCAN, RUSİYA VƏ İRAN DƏMİR YOLLARI RƏHBƏRLƏRİNİN ÜÇTƏRƏFLİ GÖRÜŞÜ KEÇİRİLMİŞDİR
Görüşdə Azərbaycanı Dövlət Dəmir Yolu İdarəsinin rəisi Arif Əsgərov, Rusiyanı “Rusiya dəmir yolları” ASC-nin prezidenti Gennadi Fadeyev, İranı yollar və nəqliyyat nazirinin müavini Səidnejad Məhəmməd təmsil edirdilər. Ölkəmizin Rusiyadakı səfiri Ramiz Rizayev də görüşdə iştirak edirdi.
Üçtərəfli görüşdə “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin inkişaf etdirilməsi çərçivəsində İran və Azərbaycan ərazilərindən keçərək Rusiyaya gedən dəmir yolu tikintisinin mümkünlüyü müzakirə olunmuşdur.
Görüşdən sonra üç dövlətin dəmir yolları rəhbərlərinin iştirakı ilə keçirilən mətbuat konfransında bildirildi ki, Beynəlxalq Konsorsium yaradılması, onun strukturu və layihənin texniki-iqtisadi cəhətdən əsaslandırılmasının hazırlanması planları barədə tərəflər arasında razılaşma əldə edilmişdir. Danışıqlarda ekspertlər səviyyəsnidə işçi qrupu yaratmaq qərara alınmışdır. Bu qrup “üçlüyün” Bakıda keçiriləcək növbəti görüşünədək layihəni də hazırlayacaqdır.
Azərbaycan, Rusiya və İran nümayəndələri layihənin gerçəkləşdirilməsində maraqlı olduqlarını bildirərək vurğuladılar ki, o, iqtisadi cəhətdən cəlbedicidir və yükdaşımalarının həcmini artırmağa imkan verəcəkdir. “Şimal-Cənub” dəhlizinin fəaliyyət dairəsi gələcəkdə Avropa və Asiya ölkələrini də cəlb etməklə bu üç dövlətin və bütün MDB dövlətlərinin ixrac-idxal yüklərinin daşınmasını əhatə edir.
Azərbaycan Dövlət Dəmir Yolu İdarəsinin rəisi Arif Əsgərov mətbuat konfransında bildirdi ki, ölkəmiz bu layihəni dəstəkləyir və onun həyata keçirilməsinin müxtəlif variantları üzərində işləyir.
O, AZƏRTAC-ın müxbiri ilə söhbətində danışıqların yekunlarını şərh edərək dedi ki, “Şimal-Cənub” layihəsinin gerçəkləşdirilməsi ölkəmiz üçün iqtisadi cəhətdən sərfəlidir və bir çox dövlətlərin cəlb olunduğu nəqliyyat dəhlizində respublikamızın iştirakını nəzərdə tutur. Hazırda respublikada dəmir yol infrastrukturu var. Lakin o, Qəzvin-Rəşt-Astara marşrutunun işləməsi üçün əlavə tədbirlər görülməsini tələb edir. Bu gün Azərbaycanda Rusiya ilə sərhəddəki “Yalama” stansiyasında İranla sərhəddəki Astara şəhərinədək 511 kilometr uzunluğunda dəmir yolu işləyir. Bu layihənin həyata keçirilməsi üçün Azərbaycan “Astara” stansiyasından Astara çayınadək 6,4 kilometr uzunluğunda əsas dəmir yolu çəkməyi, sərhədyanı stansiya, stansiya yolları tikməyi, habelə Astara çayı üzərində körpü salmağı planlaşdırır. A.Əsgərov əmin olduğunu bildirdi ki, işçi qrupu layihənin texniki-iqtisadi əsaslandırılmasını hazırladıqdan sonra tikintiyə 2005-ci ildə başlamaq mümkündür. O, həmçinin qeyd etdi ki, hazırda “Şimal-Cənub” layihəsi ən iri layihələrdən biridir. A.Əsgərov dedi: “Biz ilk illərdə təxminən 5 milyon ton yük daşınacağını gözləyirik. Əlbəttə, bu, gələcəkdə daha da artacaqdır. Bu da, öz növbəsində, respublikamızın ildən-ilə daha çox mənfəət götürməsinə imkan verəcəkdir”.