DÜNYA
MOSKVADA GÖRÜNMƏMİŞ TERROR AKTI
Oktyabrın 23-də yerli vaxtla saat 21.00-da Moskvada 40-50 nəfərdən ibarət bir qrup adam diyircəkli yataq zavodunun mədəniyyət sarayına soxulmuşdur. Bu zaman orada “Nord-Ost” müziklı nümayiş etdirilirdi. Terrorçular federal qoşunların Çeçenistan Respublikaskasında apardıqları antiterror əməliyyatının dayandırılmasını tələb edirlər.
Terrorçuların nə qədər adamı girov götürdüyü barədə hələlik dəqiq məlumat yoxdur. Səhər terrorçular 35 nəfəri azad etmişlər. Alınan məlumata görə, bundan əvvəl mədəniyyət sarayının binasını daha 150 nəfər də tərk edə bilmişdir. “Nord-Ost” tamaşasına 711 bilet satılmışdır. Odur ki, terrorçuların əlində hələ 500 nəfərin qaldığı güman edilir. Girovların arasında təqribən 60 əcnəbinin də olduğu məlumdur.
Polisə zəng vurmağa macal tapanlar bildirmişlər ki, terrorçular çeçendirlər.
Bu hadisə ilə əlaqədar Prezident Vladimir Putin Almaniyanın federal kansleri Gerhard Şröderlə oktyabrın 24-də Berlində keçirilməli olan görüşünü və Portuqaliyaya işgüzar səfərini təxirə salmışdır.
Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Aleksey Qromov İTAR-TASS-a bildirmişdir ki, Vladimir Putin Moskvada baş vermiş terror aktı ilə əlaqədar Meksikaya işgüzar səfərini təxirə salmağı qərara almışdır. O, demişdir ki, Prezident Asiya-Sakit Okean Əməkdaşlığı Forumunun üzvü olan ölkələrin dövlət və hökumət başçılarının Los-Kabosda keçiriləcək görüşünə getməkdən də imtina etmişdir. Bu beynəlxalq forumda Rusiya nümayəndə heyətinə RF hökumətinin sədri M.M.Kasyanov başçılıq edəcəkdir.
Vladimir Putinin fikrincə, Moskvadakı hadisələr təkcə Rusiya ərazisində deyil, eləcə də xaricdə törədilən ən böyük terror aktıdır. Terror aktı xarici terror mərkəzlərində hazrılanmışdır. Rusiya Prezidenti RF güc idarələrinin rəhbərləri ilə Kremldə keçirilmiş müşavirədən sonra demişdir ki, “Plan xaricdə hazırlanmış, icraçılar da orada tapılmışdır”.
Prezident Putin bəyan etmişdir ki, “heç kim şübhə etmir ki, onlar, uzun illər Çeçenistanda terrorçuluq edən, indi isə döyüş əməliyyatlarına son qoymağa çağıran cinayətkarlardır. Onlar Çeçenistanda və onun hüdudlarından kənarda qətl-qarət və viranəlik törədirdilər və bunu indi davam etdirmək istəyirlər”.