MƏDƏNİYYƏT
MÖVSÜM SALAMOVUN 100 İLLİK YUBİLEYİ QEYD OLUNMUŞDUR
Mədəniyyət Nazirliyi əməkdaşlarının, elm və mədəniyyət xadimlərinin iştirakı ilə qoruq-muzeydə keçirilən tədbiri muzeyin direktoru Sevda Dadaşova açaraq, M.Salamovun ömür yolundan, repressiya dövrü həyatından, muzeyin inkişafında, qorunub saxlanılmasında xidmətlərindən danışmışdır. 1935-ci ildə Tehranda Şərq xalqlarının tarixinə həsr edilmiş konfransdakı məruzəsinə görə SSRİ Ali Sovetinin sədrinin şəxsi təbrikinə layiq görülərək, qızıl qol saatı ilə mükafatlandırılan yubilyar 1938-ci ildə repressiyaya məruz qalaraq Sibirə-Kolımaya göndərilmişdir. 1959-cü ildə məşəqqətli sürgün ömrünü başa vuraraq, vətənə qayıdan M.Salamov yenidən fəal həyata başlamış, bir qədər sonra isə “Şirvanşahlar Saray Kompleksi” tarix-memarlıq qoruq-muzeyinə rəhbərlik ona tapşırılmışdır.
Tədbirdə arxitektor, professor Şamil Fətullayev, ötən əsrin 60-cı illərində M.Salamovla birlikdə çalışmış Lalə Həmidova, Minayə Quliyeva və başqaları vurğulamışlar ki, qoruq-muzey yubilyarın yorulmaz, ardıcıl fəaliyyəti nəticəsində yaranmışdır.
Natiqlər onun fədakar, xeyirxah, qayğıkeş insan olmasından da ürəkdolusu söhbət açmışlar.
Tədbirdə muzeyin nəşr etdirdiyi “Mövsüm Salamov-100” kitabının təqdimatı da keçirilmişdir. Kitabda onu yaxından tanıyan ziyalıların yubilyar barədə xatirələri və yazıları da yer almışdır.