RƏSMİ XRONİKA


MSTİSLAV ROSTROPOVİÇ: HEYDƏR ƏLİYEV MƏNİ AZƏRBAYCANA, AZƏRBAYCANI İSƏ VƏTƏNİM KİMİ MƏNİM QƏLBİMƏ QAYTARDI

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV GÖRKƏMLİ MUSİQİÇİ MSTİSLAV ROSTROPOVİÇİ QƏBUL ETMİŞDİR

Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 27-də Prezident sarayında zəmanəmizin görkəmli musiqiçisi Mstislav Rostropoviçi qəbul etmişdir.

Azərbaycan dövlətinin başçısı İLHAM ƏLİYEV qonağı salamlayaraq dedi:

- Xoş gəlmisiniz! Sizi Vətəndə, Azərbaycanda yenidən görməyə çox şadam! Biz bu yaxınlarda, təxminən bir neçə gün əvvəl Parisdə görüşmüşdük. Həmyerliləri görmək çox xoş idi. Vaxt tapıb gəldiyinizə görə Sizə çox minnətdaram. Biz bu günü səbirsizliklə gözləyirdik, hərçənd, təmirdən sonra filarmoniyamızın açılış gününü başqa cür təsəvvür edirdik. Təəssüf ki, istədiyimiz kimi olmadı. Buna baxmayaraq, bu, hər halda, fərəhli gündür, bayramdır. Hesab edirəm ki, bu gün filarmoniya yenidən Azərbaycan tamaşaçısına, dinləyicisinə, ölkənin vətəndaşlarına qayıdır.

Sizin hər bir gəlişiniz bizim üçün bayramdır. Sizi hamı sevir, hamı çox qiymətləndirir, Sizinlə fəxr edir. Sizi Heydər Əliyevlə böyük dostluq, səmimi, mehriban münasibətlər bağlayırdı. Bu münasibətlər necə dostluq etmək, bir-birinə necə qayğı ilə yanaşmaq baxımından bizim nəsil üçün örnəkdir. Əlbəttə ki, biz – Sizin arxanızca gedən insanlar – bu münasibətləri elə həmin istiqamətdə bundan sonra da inkişaf etdirəcəyik. Mən Sizi görməyimə çox şadam. İş cədvəlinizin sıx olduğu, geniş proqramlarınız olduğu halda, buraya gəlməyə vaxt tapmaq üçün böyük ürək, qəlb sahibi olmaq gərəkdir. Mən çox şad, xoşbəxtəm və axşamı, bu böyük hadisədə Sizinlə birlikdə iştirak edəcəyimiz vaxtı səbirsizliklə gözləyirəm.

MSTİSLAV ROSTROPOVİÇ səmimi qəbula görə Azərbaycan Prezidentinə təşəkkür edərək dedi:

- İcazə verin, mətbuatın burada olmasından istifadə edərək, bir neçə söz deyim. Mən Sizi Fransanın müdafiə nazirinin şərəfinizə təşkil etdiyi qəbulda gördükdə şəxsən Sizə deyə bilmədim ki, necə xoşbəxtəm ki, atanızın xəttini davam etdirirsiniz. Zənnimcə, bunda, haradasa, Tanrı hökmü var. Əlbəttə, Heydər Əliyeviç kimi insan olmaq mümkün deyildir. Lakin Siz onun oğlusunuz, Azərbaycan üçün çox işlər görmüş və şəxsən mənim üçün çox işlər görmüş insanın həyatını sanki davam etdirirsiniz. O, məni Azərbaycana qaytardı, Azərbaycanı isə Vətənim kimi mənim qəlbimə qaytardı. Odur ki, mən bütün ömrüm boyu onun barəsində məhəbbətlə, minnətdarlıqla düşünəcəyəm.

İndi mən öz proqramımı necə qurmaq barədə düşünürəm. Bilirsinizmi, konsert salonunun onun iştirakı ilə nəzərdə tutulduğu kimi açılışı mənim üçün, əlbəttə, bir tərəfdən, bayramdır, digər tərəfdən isə, bütün fikirlərim, xatirələrim büsbütün dostumla bağlıdır. Ona görə də bu gün belə etməyi qərara almışam. Əvvəlcə, giriş sözləri deyildikdən sonra mən, - buraya violonçel gətirmişəm, – Baxın sarabandasını, solo violonçel üçün süitasının hissələrindən birini ifa edəcəyəm. Bu sarabanda bir dua kimi səslənir. Orkestr ifa etməyə başlamazdan əvvəl mən musiqi vasitəsilə, tərcüməsiz dua etmək istəyirəm. Musiqinin dili ilə dua etmək istəyirəm... Mən bununla başlayacağam, sonra da Azərbaycanın gözəl qadın bəstəkarının əsərini səsləndirəcəyəm. Siz onu yaxşı tanıyırsınız. İlk dəfə səslənəcək əsəri o, xüsusi olaraq bu salonun açılışı üçün bəstələmişdir.

Xoşbəxtəm ki, buraya gəlmişəm, Bakıya öz evimə gəldiyim kimi gəlmişəm. Heyf ki, burada ancaq bu gün qala biləcəyəm. Mən dünən gəlmişəm, sabah səhər tezdən getməliyəm. İndi mənimlə görüşməyə vaxt tapdığınıza görə Sizə çox minnətdaram. Dahi atanızın müəyyənləşdirdiyi və davam etdirəcəyiniz yolda Sizə bol-bol səadət arzulayıram.

İLHAM ƏLİYEV: Xoş, səmimi sözlərə görə çox sağ olun. Doğrudan da, hamımızı qarışıq hisslər bürümüşdür. Ölkəmizin həyatında hər bir bayram günü, hər bir yeni məqam, hər bir fərəhli hadisə həm də kədərlə müşayiət olunur. Kədər onunla bağlıdır ki, bütün bunları yaradan, Azərbaycan dövlətini, əslində, yenidən quran insan indi bizimlə deyildir. Filarmoniya da bu qəbildəndir. Hər dəfə onun yanından keçəndə ziddiyyətli hisslər – həm fərəhli, həm də kədərli hisslər keçirirsən, qüssələnirsən. Bu, Sizin üçün də çox ağırdır, ilk dəfədir dostunuzun həyatda olmadığı bir vaxtda Azərbaycana gəlirsiniz. Yəqin ki, bu hisslər bizi həm yaxınlaşdırır, həm də bu itkinin acısını birlikdə yaşamağa kömək edir. Lakin həyat davam edir, ölkə inkişafdadır. Odur ki, bizim – burada yaşayanların hamısının, habelə ölkəmizin hüdudlarından kənarda yaşayan Azərbaycanın dostlarının vəzifəsi Heydər Əliyevin işini davam etdirməkdən ibarətdir. Xalqımızın yeganə nicatı və rifahı məhz bundadır. Ona görə də buraya gəldiyiniz üçün Sizə bir daha təşəkkürümü bildirmək və ümidvar olduğumu söyləmək istəyirəm ki, səfərləriniz, əvvəllər olduğu kimi, müntəzəm davam edəcəkdir. Biz Sizinlə hər il, bəlkə də daha tez-tez görüşəcək, sadəcə, ünsiyyətdə olacaq, ötüb-keçənləri xatırlayacaq və gələcək barədə düşünəcəyik.

MSTİSLAV ROSTROPOVİÇ: Demək istəyirəm ki, Sizi Parisdə necə də gözəl qarşıladılar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin