İQTİSADİYYAT
MÜƏSSİSƏLƏRİN 3 TRİLYON 38 MİLYARD MANAT VERGİ BORCU SİLİNMİŞDİR
Bu güzəşt hüququndan bəhrələnməyin əsas şərtlərindən biri odur ki, əgər müəssisələr birinci ildə əsas borcun ən azı 25 faizini, ikinci ildə 45 faizini, üçüncü ildə 60 faizini, dördüncü ildə 70 faizini, beşinci ildə isə ən azı 75 faizini ödəyirsə, borcun qalan hissəsi, eyni zamanda, penya və maliyyə sanksiyalarının tam məbləği silinir. İkinci əsas şərt həmin müəssisələr tərəfindən cari ildə vergi öhdəliklərinin tam şəkildə yerinə yetirilməsindən ibarətdir.
2005-ci il noyabrın 1-dək qanunvericilikdə nəzərdə tutulmuş qaydada güzəşt almaq üçün vergi orqanlarına 2 min 783 hüquqi şəxs müraciət etmişdir. Həmin müəssisələr üzrə cari hesablanmış vergilərin məbləği 6 trilyon 290 milyard manat olmuşdur. Qanunvericiliyin stimullaşdırıcı tərəflərindən bəhrələnən müəssisələrin 2000-2005-ci illərdə borc üzrə ödəmələrinin ümumi məbləği 7 milyard 610 milyon manat təşkil edib ki, bunun da 1 milyard 316 milyon manatı təxirə salınmış borcların, 6 milyard 294 milyon manatı isə cari ödənişlərin payına düşür.
Ümumiyyətlə, 2000-2005-ci illərdə müəssisələrə verilən güzəşt nəticəsində silinən vergi borcunun məbləği 3 trilyon 38 milyard manat olmuşdur. Bu, “Hüquqi şəxslərin dövlət büdcəsinə borclarının güzəştli ödənişi haqqında” Qanunun qüvvəyə mindiyi tarixə ödənilməli olan borcların təxminən 70 faizinə bərabərdir.