İQTİSADİYYAT
MÜLKİ AVİAPARKIMIZIN İMKANLARI GENİŞLƏNİR
“Azərbaycan Hava Yolları” Dövlət Konsernindən AZƏRTAC-a bildirmişlər ki, Heydər Əliyev adına Beynəlxalq hava limanından yük daşımalarının orta illik artımı 8 faiz təşkil etmişdir. Yükdaşınma üzrə aviasiya şirkətlərimiz regionda qabaqcıl yerlərdən birini tutur. Hazırda Bakı terminalı Amerika Birləşmiş Ştatları, Fransa, Böyük Britaniya, Lüksemburq, Almaniya, Çin, Əfqanıstan, Orta Asiya, Ukrayna və dünyanın bir çox başqa ölkələri üçün tranzit rolunu oynayır.
Mülki aviasiya parkı da yeniləşir. 2004-cü ildə 2 “Boinq-757”, 1 “Airbus-320”, 2 “AN-140” sərnişin təyyarəsi, 3 “İL-76” yük təyyarəsi, 5 “Delfin” və “Super Puma” vertolyotları alınmışdır. Bu ilin sonunadək daha 4 “Airbus-319”, 2 “AN-140” təyyarəsi alınacaq.
Aviasiya sahəsində mütəxəssislərə olan tələbatı nəzərə alaraq, kadr hazırlığı Milli Aviasiya Akademiyası tərəfindən həyata keçirilir. Akademiyanın məzunları artıq Qərb istehsalı olan “Boinq” və “Airbus” təyyarələrini idarə etməyi uğurla mənimsəyirlər.
Azərbaycan aviaşirkətlərinin təyyarələri bu gün dünyanın 52-dən çox ölkəsinə uçuşlar edir.