MƏDƏNİYYƏT
“Maarifin yorulmaz carçısı” adlı sərgi açılıb
Bakı, 22 iyun, AZƏRTAC
Bakı şəhər Mədəniyyət Baş İdarəsi Xətai rayon Mərkəz Kitabxanasında Azərbaycan milli mətbuatının banisi, görkəmli ictimai xadim, pedaqoq Həsən bəy Zərdabinin anadan olmasının 180 illiyinə həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir çərçivəsində “Maarifin yorulmaz carçısı” adlı sərgi açılıb.
Xətai rayon MKS-nin baş kitabxanaçısı Fəridə Cəfərova çıxış edərək, görkəmli şəxsiyyətin həyat və yaradıcılığı barədə məlumat verib.
Tədbirdə məruzə ilə çıxış edən BDU-nun Milli mətbuat tarixi kafedrasının müəllimi Samir Xalidoğlu görkəmli ictimai xadim Həsən bəy Zərdabinin mənalı ömür yolundan, xalqımızın maariflənməsi yolundakı əvəzsiz xidmətlərindən danışıb. Bildirib ki, İslam dünyasının ilk təbiətşünas alimi, tək Azərbaycanda deyil, bütün müsəlman Şərqində islam xeyriyyəçilik hərəkatının banisi olan maarifçi və publisist Həsən bəy Zərdabi tərəfindən 1875-ci ildə nəşr olunmağa başlayan “Əkinçi” qəzeti ilə milli mətbuatımızın əsası qoyulub. Bildirib ki, qəzet fəaliyyəti dövründə mütərəqqi fikirli ziyalıları ətrafında birləşdirib, mövhumata və cəhalətə qarşı kəskin çıxışlar etmiş bu mətbu orqan vasitəsilə xalqın mədəni tərəqqisi uğrunda mübarizə aparıb.