DÜNYA
Macarıstan 1956-cı il inqilabının ildönümünü qeyd edir
Budapeşt, 23 oktyabr, AZƏRTAC
AZƏRTAC xəbər verir ki, bu gün ölkə qan içində boğulmuş 1956-cı il inqilabının ildönümünü qeyd edir. Altmış üç il əvvəl macar xalqı İmre Nad hökumətinin demokratik islahatların və cəmiyyətin dekomunizasiyasının başlanması qərarını dəstəkləmək üçün küçələrə axışıb. Nəticədə Sov.İKP MK-nın Rəyasət Heyəti bu aksiyaların yatırılması üçün Budapeştə və Macarıstanın digər şəhərlərinə Varşava müqaviləsi qoşunlarını yeritmək barədə qərar qəbul edib.
Oktyabrın 24-nə keçən gecə Budapeştə Sovet ordusunun təqribən 6 min hərbi qulluqçusu, 290 tank, 120 BTR, 156 top yeridilib.
Qarşıdurma dəhşətli forma alıb, döyüşlər, o cümlədən paytaxtda küçə döyüşləri başlayıb. Minlərlə insan həlak olub, təqribən 10 min macar başqa ölkələrə qaçıb. Yuqoslaviya səfirliyində sığınacaq tapmış İmre Nad aldadılaraq oradan çıxarılıb, həbs edilib və sonra asılıb.
1990-cı il yanvarın 20-də oxşar hadisələr yaşamış Azərbaycan xalqı daim macar xalqı ilə həmrəyliyini nümayiş etdirib. Hər il yanvarın 20-də Azərbaycanın Macarıstandakı səfirliyində keçirilən xatirə tədbirlərində iki qardaş xalqın milli şüurunda həlledici rol oynamış bu iki hadisə arasında paralellər aparılır.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt