DÜNYA
Macarıstan Universitetinin komandası finalda Kolumbiya Universitetinə qalib gəlib
Budapeşt, 8 aprel, AZƏRTAC
“ELTE” Universitetinin hüquq fakültəsinin tələbələrindən ibarət komanda dünyada ən nüfuzlu müsabiqələrdən birinin – Filip Cessap adına Beynəlxalq məhkəmə müsabiqəsinin qalibi olub.
AZƏRTAC xəbər verir ki, Macarıstan Universitetinin tələbələri çoxsaylı fərdi mükafatlar da alıblar.
Əslində, ELTE-ni təmsil edən komandalar daha əvvəl də xeyli xallar və fərdi mükafatlar alıblar. Lakin macar komandasına finala düşmək ilk dəfə nəsib olub. Burada onlar Kolumbiya Universitetinin komandası ilə görüşərək qalib olublar.
Bu müsabiqədə adətən komandalar mövcud olmayan dövlətləri təmsil edən xüsusi beynəlxalq məhkəmədə gedən saxta məhkəmə prosesində mübarizə aparırlar. Komandaların məhkəmə qaydasında baxacaqları iş, bir qayda olaraq, mürəkkəbdir və dövlətin məsuliyyəti, ətraf mühitin mühafizəsi və insan haqları kimi məsələlərə toxunur. Müsabiqə iştirakçıları Vaşinqtonda keçirilən final yarışına düşməzdən əvvəl yazılı və şifahi turlarda iştirak etməlidirlər.
Bu dəfə “ELTE” komandası cavabdeh rolunda beynəlxalq məhkəməni özünün haqlı olmasına inandırmalı idi. İddiaçı qismində ABŞ çempionatının qalibi, Kolumbiya Universitetinin komandası çıxış edirdi. Bu səbəbdən də qaydalara görə, məhz Kolumbiya Universiteti birinci gedişi edib. Komandaların özlərinin dörd ən yaxşı dəlillərini nümayiş etdirmək üçün hərəyə 45 dəqiqə vaxtı olub.
Böyük ruh yüksəkliyi olan macar komandası özünün müdafiə xəttini çox yaxşı qurub və mövqelərini bir çox dəlillərlə möhkəmləndirib. Onların yaxşı hazırlaşmaları hiss olunub. Tələbələr təkcə ingilis dilində rəvan danışmır, həm də məharətlə və mahiyyət üzrə çıxış edirdilər (bu səbəbdən də təbii ki, sonda münsiflər heyəti Qabor Bazonu ən yaxşı natiq tituluna layiq görüb). Məhkəmə üzvlərinin fikrincə, macar komandası üzvlərinin ruh yüksəkliyi və sakitliyi onları dünyanın hər hansı məhkəməsində uğurla təmin edə bilər.
Kolumbiya Universitetinin komandası özünü inamla aparıb. Lakin məhkəmə onların iddiasını təmin etməyib.
Bu müsabiqə Beynəlxalq Hüquq Tələbələri Assosiasiyası (ILSA) tərəfindən hər il keçirilir. Müsabiqədə dünyanın 100 ölkəsinin 600 universitetindən 2000 tələbə iştirak edir. Əlbəttə, bu, hər bir hüquqşünas tələbəyə öz bacarıqlarını nümayiş etdirmək üçün gözəl fürsətdir.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt