SİYASƏT


Macarıstanın Azərbaycandakı səfiri cəbhə bölgəsindəki son vəziyyət barədə məlumatlandırılıb

Bakı, 16 oktyabr, AZƏRTAC

Oktyabrın 16-da Milli Məclisin Sədri Sahibə Qafarova Macarıstanın Azərbaycandakı səfiri Viktor Szederkenyi ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, qonağı salamlayan Sahibə Qafarova ölkələrimiz arasında münasibətlərin zəngin tarixə malik olduğunu vurğulayıb, əlaqələrin yüksək səviyyədə olmasından məmnunluğunu ifadə edib. O, Azərbaycan-Macarıstan münasibətlərinin inkişafında iki ölkə rəhbərliyi arasında əlaqələrin mühüm rolunu xüsusi qeyd edib.

Parlamentlərarası əlaqələrə də toxunan Spiker Sahibə Qafarova hər iki ölkənin parlamentlərində fəaliyyət göstərən dostluq qruplarının münasibətlərimizin inkişafına töhfə verdiyini bildirib. Hazırda qlobal pandemiya ilə əlaqədar olaraq qarşılıqlı səfərlərin təxirə salındığını söyləyən Milli Məclisin Sədri pandemiyadan sonra bu istiqamətdə fəaliyyətin genişləndirilməsi ilə parlament diplomatiyasının münasibətlərin inkişafında rolunun daha da artacağına ümidvar olduğunu qeyd edib.

Bu günlərdə Macarıstan parlamentinin sədri Laslo Köverin son zamanlar cəbhə xəttində baş verənlərdən, xüsusilə mülki insanların ölümü ilə nəticələnən hadisələrdən ciddi narahatlığını ifadə edən məktubunu aldığını xatırladan S.Qafarova macarıstanlı həmkarlarının bundan sonra da Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini qətiyyətlə dəstəkləyəcəklərinə ümidvar olduğunu bildirib.

Sahibə Qafarova görüşdə Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi barədə səfirə geniş məlumat verib.

Eyni zamanda, sentyabrın 27-dən başlayaraq Ermənistanın cəbhə xəttində törətdiyi təxribatlar, Azərbaycanın şəhər və rayonlarının işğalçı ölkənin silahlı qüvvələri tərəfindən artilleriya və raket atəşinə tutulması, mülki vətəndaşların və mülki obyektlərin hədəfə alınması barədə danışan Milli Məclisin Sədri qeyd edib ki, bütün bunlar Ermənistandakı hərbi-siyasi rejimin cinayətkar mahiyyətini əks etdirir. Son olaraq bu gün Ermənistan tərəfindən Naxçıvan Muxtar Respublikasının Ordubad rayonuna raket zərbəsi endirilməsini səfirin diqqətinə çatdıran Sahibə Qafarova deyib: “Bu, bir daha göstərir ki, Ermənistan bütün vasitələrlə münaqişənin coğrafi miqyasını genişləndirməyə çalışır. Beynəlxalq ictimaiyyət Ermənistanı müharibə cinayətlərinə görə sərt şəkildə qınamalı, onu bu fəaliyyətindən çəkinməyə çağırmalıdır”.

Səmimi görüşə və ətraflı məlumatlara görə minnətdarlığını bildirən Macarıstanın Azərbaycandakı səfiri Viktor Szederkenyi də ölkələrimiz arasında yüksək münasibətlərin məmnunluq doğurduğunu bildirib. O, Azərbaycan və Macarıstanın bir çox məsələlərdə bir-birini dəstəklədiyini xatırladaraq, ölkəsinin Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində ölkəmizin haqlı mövqeyinə hər zaman dəstəyini ifadə etdiyini xüsusi vurğulayıb. Səfir terrorizmə, ekstremizmə qarşı beynəlxalq mübarizənin gücləndirilməsi ilə bağlı da ölkələrimizin mövqelərinin üst-üstə düşdüyünü bildirib.

Görüşdə, həmçinin ölkələrimiz arasında mədəniyyət, təhsil, elm sahələrində münasibətlərin genişləndirilməsi, qarşılıqlı tələbə mübadiləsi proqramlarının həyata keçirilməsi, humanitar sahədə əməkdaşlığın gücləndirilməsi istiqamətində addımların atılması ilə bağlı müzakirələr aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.