ELM VƏ TƏHSİL
“Magistr – 2018” müsabiqəsi qaliblərinin adları açıqlanıb
Bakı, 29 iyun, AZƏRTAC
AMEA Rəyasət Heyətinin iyunun 29-da keçirilən iclasında Akademiyanın prezidenti, akademik Akif Əlizadə “Magistr-2018” müsabiqəsinin qaliblərinə mükafatları təqdim edib.
AZƏRTAC xəbər verir ki, AMEA-nın magistraturasında təhsil alan tələbələr arasında keçirilən müsabiqədə 47 magistrant iştirak edib.
Qaliblərin müəyyən olunmasında Ekspert Komissiyası bir sıra meyarları, o cümlədən tələbələrin magistraturaya qəbul imtahanında topladığı balları, onların imtahan sessiyalarında qazandıqları ümumi orta müvəffəqiyyət göstəricilərini, yerli və xarici jurnallarda nəşr olunmuş elmi məqalələrini, təcrübəkeçməni, konfrans və ictimai tədbirlərdə iştirakını nəzərə alıb.
“Magistr-2018” müsabiqəsinin nəticələrinə görə birinci yerə Genetik Ehtiyatlar İnstitutunun birinci kurs magistrantı Gültəkin Əhmədova, ikinci yerə Aşqarlar Kimyası İnstitutunun ikinci kurs magistrantı Sevinc Həsənli, üçüncü yerə isə Dilçilik İnstitutunun birinci kurs magistrantı Böyükxanım Əsgərova layiq görülüblər.
İdarəetmə Sistemləri İnstitutunun ikinci kurs magistrantı Lamiyə Nəcəfova, Riyaziyyat və Mexanika İnstitutunun birinci kurs magistrantı Xəyalə Qədirova və Botanika İnstitutunun birinci kurs magistrantı Lalə İsgəndərovaya isə həvəsləndirici mükafatlar verilib.