İQTİSADİYYAT
Magistral yollarda hərəkətin intensivliyinə maneçilik törədən halların qarşısı alınmalıdır VİDEO
Bakı, 15 iyul (AZƏRTAC). Ölkəmizdə həyata keçirilən sosial –iqtisadi islahatlar, sosial layihələrin dövlət proqramlarının uğurlu icrası yeni-yeni infrastruktur layihələrinin reallaşmasını şərtləndirir. Bu baxımdan ölkənin magistral xətlərinin, şose yollarının, bir sözlə, yol infrastrukturunun davamlı inkişafı, müasir tələblərə uyğunlaşdırılması dövlətin əsas diqqət yetirdiyi məsələlərdəndir.
Sevindirici haldır ki, nəinki paytaxt, hətta ucqar rayon, dağ kəndləri və qəsəbələrini bir-biri ilə əlaqələndirən yolların əsaslı təmiri, yeni xətlərin inşası, bütövlükdə şəhər və rayonların yol infrastrukturunun modernləşməsi, sakinlərin rahatlığına, magistral xətlərdə hərəkət edən nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təminatına xidmət edir.
“Azəryolsesvis”ASC–nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev AZƏRTAC-a bildirmişdir ki, Azərbaycan Respublikasının ərazisində ümumi istifadədə olan avtomobil yollarından istifadə qaydaları “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən tənzimlənir. Bu Qanunun IV fəslinin 33-cü maddəsində birmənalı şəkildə göstərilir ki, “Ümumi istifadədə olan avtomobil yollarının torpaq yatağı hüdudlarında nəqliyyat vasitələrinin normal və təhlükəsizlik hərəkətinə mane olan ticarət və digər sahibkarlıq fəaliyyəti qadağandır”.
Torpaq yatağı hüdudu isə bu gün qüvvədə olan normativ hüquqi aktlara əsasən respublika əhəmiyyətli yollar üçün 60 metr enində, yerli əhəmiyyətli yollar üçün isə 25 metr enində müəyyən olunmuşdur.
Yeri gəlmişkən, bu aktual məsələ Azərbaycan SSR Nazirlər Sovetinin 1989-cu il 17 noyabr tarixli 461 nömrəli və Nazirlər Kabinetinin 2004–cü il 28 fevral 18 nömrəli qərarlarında da öz əksini tapmışdır.
“Azəryolservis” ASC-nin rəsmisi demişdir ki, həmin qərarlara uyğun olaraq, vətəndaşlarımız öz məhsullarını yalnız göstərilən məsafəyə riayət etməklə sərbəst şəkildə satmaqla məşğul ola bilərlər. Hazırda bu istiqamətdə müəyyən çatışmazlıqlar və nöqsanlar mövcuddur. Bütün bunlar son nəticədə yollarda hərəkətin intensivliyinə təsir etməklə yanaşı, yol tikintisini həyata keçirən inşaatçıların işinə də böyük əngəllər yaratmışdır.
Söhbət ondan gedir ki, son vaxtlar fiziki və hüquqi şəxslər tərəfindən avtomobil yollarının qorunma (mühafizə) zolaqlarında çoxlu sayda qanunsuz tikililər inşa olunur. Eyni zamanda, magistral avtomobil yollarında bir sıra hallarda qeyri-qanuni olaraq kənd təsərrüfatı məhsulları satılır.
P.Mürsəliyevin qənaətinə görə, bu vəziyyət isə avtomobil yollarında təhlükəsiz hərəkətin təşkilinə və avtomobil yollarının beynəlxalq standartlara uyğun yenidən qurulması üçün yol yatağının genişləndirilməsinə imkan vermir, eyni zamanda, yol-qəza hadisələrinin artmasına gətirib çıxarır.
Belə avtomobil yollarından biri də hazırda tikinti işləri gedən Hacıqabul-Kürdəmir avtomobil yoludur. Bu yolda artıq əlavə iki hərəkətli zolaqlı yolun tikintisinə başlanılmışdır. Həmin ərazidə kənd təsərrüfatı məhsullarının qeyri-qanuni satışı tikintini həyata keçirən inşaatçıların işini çətinləşdirməklə yanaşı, hərəkətin intensivliyinə təsir edərək yol boyu tıxacların yaranmasına gətirib çıxarmışdır.
Mətbuat xidmətinin rəhbəri daha sonra demişdir: Biz bazar iqtisadiyyatı şəraitində yaşayırıq. Bu isə o deməkdir ki, hər bir kəndli və ya fermer əkib-becərdiyi məhsulları satışa çıxarıb gəlir əldə edə bilər. Lakin insanların yol kənarında alış-verişlə məşğul olması heç də digərlərinin hüquqlarının pozulmasına gətirib çıxarmamalı, ortaya çıxan problemlər qanun çərçivəsində həll edilməlidir.
Təəssüflər olsun ki, magistral yollarda baş verən qanunsuzluqlar nəqliyyat vasitələrinin hərəkətinə maneçilik törətməklə yanaşı, sürücüləri də sürət həddini azaltmağa məcbur edir və bu ərazidə avtomobil tıxaclarının yaranması ilə nəticələnir.
Mütəxəssislər də bu fikirdədirlər ki, respublika əhəmiyyətli avtomobil yollarında nəqliyyat vasitələrinin normal və təhlükəsiz hərəkətinə maneçilik törətmək olmaz və hərəkətin intensivliyinə mənfi təsir göstərən bu kimi halların, başqa sözlə, həyatları bahasına yol ticarəti ilə məşğul olanların qanunsuz əməllərinin qarşısı qətiyyətlə alınmalıdır.