REGİONLAR
Magistrantların XIX Respublika Elmi Konfransına 1500-dək məruzə daxil olub
Sumqayıt, 16 may, Ətrabə Rzayeva, AZƏRTAC
Sumqayıt Dövlət Universitetində (SDU) Magistrantların XIX Respublika elmi konfransı keçirilib. Konfransda ölkəmizin qabaqcıl ali təhsil müəssisələrinin prorektor, struktur rəhbərləri və professor-müəllim heyəti iştirak edib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə konfrans iştirakçıları universitetin foyesində ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzüblər.
Konfransa sədrlik edən rektor, professor Elxan Hüseynov Ulu Öndərin rəhbərliyi ilə Azərbaycanda təhsilin, elmin inkişafı istiqamətində görülən işlərin önəmindən bəhs edib. Bildirilib ki, Ümummilli Liderin fəaliyyətində təhsil məsələləri həmişə xüsusi yer tuturdu. “Hazırda elm və təhsilin əlaqələndirilməsi, bir-biri ilə inteqrasiya olunmuş şəkildə, müasir texnologiyaların və innovasiyaların tətbiq edilməsi yolu ilə inkişafı ən aktual və prioritet məsələdir”, - deyən rektor ölkəmizdə bu istiqamətləri əhatə edən uğurlu dövlət siyasəti aparıldığını, iqtisadi potensialı intellekt kapitalına çevirmək sahəsində mühüm işlər görüldüyünü vurğulayıb.
Dövlətimizin başçısının rəhbərliyi ilə iqtisadi potensialın intellekt kapitalına çevrilməsi istiqamətində aparılan islahatlardan söz açan E.Hüseynov təhsil sahəsində görülən işlərin müasir düşüncəli gənclərin hazırlanması məqsədinə yönəldiyinə diqqət çəkərək, SDU-da gənclərin elmi fəaliyyətə cəlb olunması üçün həyata keçirilən tədbirlərin əhəmiyyətindən danışıb.
Bildirilib ki, konfransın məqsədi tələbələri elmi-tədqiqat işlərinə cəlb etmək, gələcək mütəxəssislərin hazırlıq səviyyəsini yüksəltmək, magistrantların araşdırmalarını elmi ictimaiyyətə təqdim etməkdir.
Konfransa respublikamızın 29 elm və təhsil müəssisəsindən 1500-ə yaxın məruzə daxil olub. Məruzə materiallarının ilkin ekspertizasından sonra 1441 tezis konfransın gündəliyinə daxil edilib və konfrans materialları toplusu şəkildə çap olunub.
Sonra Maliyyə Nazirliyi yanında Elm-Tədris Mərkəzinin direktor müavini İlham Zeynalov çıxış edərək bildirib ki, bu yaxınlarda universitetlə mərkəz arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Əməkdaşlığın nəticəsi olaraq konfransın iqtisadi bölümü üzrə keçiriləcək bölmə iclaslarında birinci yerə çıxan şəxsə 500 manatlıq təlim paketi təqdim ediləcək.
Bakı Mühəndislik Universitetinin prorektoru Elçin Süleymanov, Bakı Dövlət Universitetinin Magistratura və doktorantura şöbəsinin müdiri Afət Məmmədova ümummilli lider Heydər Əliyevin təhsilimizin inkişafına verdiyi töhfələrdən, ölkədə uğurla həyata keçirilən təhsil islahatlarından danışaraq qeyd ediblər ki, Ulu Öndər yüksəkixtisaslı elmi-pedaqoji kadrların hazırlanmasına xüsusi diqqət yetirirdi. Diqqətə çatdırılıb ki, belə konfranslar gənc tədqiqatçıların elmi potensialının üzə çıxarılmasında böyük rol oynayır. Bu mənada Sumqayıt Dövlət Universitetinin təşəbbüsü təqdirəlayiqdir.
Konfransda Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin magistrantı Nəzrin Əsgərovanın “Alternativ enerji mənbələrindən istifadənin səmərəliliyinin artırılmasında Smart Grid texnologiyasının rolu”, Azərbaycan Dövlət İqtisad Universitetinin magistrantı Nərmin Qasımovanın “Dizayn sahələrində kompozisiya elementi kimi qrafikanın tətbiqinin analizi”, Sumqayıt Dövlət Universitetinin magistrantı Təhanə Şahmarovanın “Multiagent sistemlərinin layihələndirilməsinin bəzi aspektləri”, Bakı Slavyan Universitetinin magistrantı Umuxanım Müseyibovanın “Azərbaycan dilinin lüğət tərkibi XXI əsrdə”, “Odlar Yurdu” Universitetinin magistrantı Nərmin Nəsibovanın “İşıq və rəng parametrlərinin idarə olunmasının kompüterləşdirilmiş tədqiqat kompleksi” mövzusunda məruzələri dinlənilib.
Konfrans öz işini bölmələrdə davam etdirib. Bölmə iclaslarında çıxış edən fəal magistrantlara Sumqayıt Dövlət Universitetinin sertifikatları təqdim olunub.