SİYASƏT
Maksim Minçev: İnformasiya agentlikləri saxta xəbərlər yolunda sonuncu maneə kimi qalır
Moskva, 13 iyun, AZƏRTAC
Bu gün Bolqarıstanın paytaxtı Sofiyada Dünya Xəbər Agentliklərinin altıncı Konqresi açılır.
AZƏRTAC xəbər verir ki, Konqresdə dünyanın 94 ölkəsindən 120-dən çox informasiya agentliyinin rəhbərləri iştirak edirlər. Dünya Xəbər Agentlikləri Konqresinin prezidenti Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) İdarə Heyətinin sədri Aslan Aslanovdur.
Xatırladaq ki, bundan əvvəlki Konqres 2016-cı ildə Bakıda Heydər Əliyev Fondu və AZƏRTAC tərəfindən təşkil edilmişdi.
Konqres ərəfəsində Bolqarıstan Teleqraf Agentliyinin (BTA) baş direktoru Maksim Minçev TASS agentliyinə müsahibə verib. M.Minçev qeyd edib ki, qarşıdakı konqres BTA üçün informasiya jurnalistikasının gələcəyi barədə diskussiya aparmaq baxımından yaxşı fürsətdir. “Xəbərlərin gələcəyi” devizi altında təşkil edilən indiki forum Azərbaycandakı sonuncu görüşdən 3 il sonra keçirilir. Bu müddətdə müzakirə olunması tələb edilən çoxlu suallar yaranıb.
M.Minçevin sözlərinə görə bu görüş informasiya agentliklərinin rəhbərlərinə mübahisəli mövzuları nəzərdən keçirmək və gələcək işin istiqamətlərini müəyyən etmək imkanı verəcək. Konqresin əsas mövzuları bunlardır: informasiya agentliklərinin mülkiyyət modelləri, yeni gəlir mənbələri, saxta xəbərlər problemi və süni intellektin inkişafı. BTA-nın baş direktorunun fikrincə, informasiya agentlikləri saxta xəbərlər yolunda sonuncu maneə kimi qalır. Minçev vurğulayıb: “İnamla deyə bilərəm ki, informasiya agentliklərinin gələcəyi var. Son illərdə informasiya aləmində baş verən hadisələr əyani surətdə göstərir ki, informasiya agentlikləri dünyanı saxta xəbərlərdən qoruyan son istehkam rolu oynayır. Guya azadlıq yaradan internet əslində informasiya aləmində ciddi təhlükələrə yol açır. Məhz indiki vaxtda, bəşəriyyətin informasiya dövrünə qədəm qoyduğu, hər kəsin istədiyi xəbərləri dərc etməsinə imkan yarandığı dövrdə informasiya agentliklərinin keyfiyyətli işini təmin etmək üçün internetdən istifadə etmək olar. Bu agentliklər saxta xəbərlərdən qorunmaq üçün son hədd, müəyyən mənada həqiqət qalasıdır. Bizim Konqresdə bütün qitələrin nümayəndələri, 94 ölkədən 120-dən çox agentliyin təmsilçiləri toplaşacaq. Konqresin altı işçi dili var: ingilis, bolqar, ispan, fransız, rus və ərəb dilləri”.
Xatırladaq ki, 2016-cı ildə Dünya Xəbər Agentliklərinin Konqresi Bakıda keçirilib. İlk belə Konqres 2004-cü ildə Moskvada TASS agentliyinin təşəbbüsü ilə, daha sonra Esteponada (İspaniya, 2007), Buenos-Ayresdə (Argentina, 2010) və Ər-Riyadda (Səudiyyə Ərəbistanı, 2013) təşkil edilib.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva