DÜNYA
“Malaysia Airlines”ın itmiş “Boeing 777” sərnişin təyyarəsinin virtual axtarışına üç milyon insan qoşulmuşdur VİDEO
Kuala-Lumpur, 14 mart (AZƏRTAC). “Malaysia Airlines”ın martın 8-də itmiş “Boeing 777-200” sərnişin təyyarəsinin virtual axtarışına üç milyon insan qoşulmuşdur.
CBS televiziya kanalının beş süni peyk vasitəsilə Yerin dəqiq şəkillərini öyrənməyə imkan verən Tomnod.com profil saytına əsasən yaydığı məlumata görə, itmiş təyyarənin uçuş kursunu tədqiq edən istifadəçilərin sayı üç milyonu ötmüşdür.
Saytın əsasını qoymuş Şey Haar-Noy bildirmişdir ki, axtarışlara dünyanın onlarla ölkəsindən müxtəlif dillərdə danışan könüllülər qoşularaq bu müəmmanı açmağa çalışırlar. O demişdir ki, istifadəçilərin köməyi sayəsində külli miqdarda dəqiq görüntülü şəkillər təhqiq olunmuşdur. Onların sayı 1,7 milyona bərabərdir. İnsanlar gün ərzində axtarışa 8-10 saat vaxt sərf edirlər və bu yəqin ki, təyyarəni tapmağa kömək edəcəkdir.
Könüllülərə qoşulmaq üçün sayta daxil olmaq, axtarış sistemini öyrənmək, şəkilləri təhqiq edərək şübhəli obyektləri işarələmək kifayətdir.
Hazırda itmiş təyyarəni dünyanın ondan çox ölkəsinin hava və dəniz qüvvələri axtarır.
Xəbər verdiyimiz kimi, Malayziya milli aviaşirkətinə məxsus, göyərtəsində 227 sərnişin, 12 heyət üzvü olan və Kuala-Lumpurdan Pekinə uçan təyyarə martın 8-nə keçən gecə saat 02:41 dəqiqədə radarların ekranlarından heç bir həyəcan siqnalı vermədən itmişdir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Kuala-Lumpur