DÜNYA
Malayziya Qətər ətrafında problemlə əlaqədar regiona xüsusi nümayəndəsini göndərəcək
Tokio, 13 iyul, AZƏRTAC
Malayziya hökuməti Fars körfəzində yaranmış böhranın həlli ilə əlaqədar vasitəçi qismində iştirak etməyə hazırdır və bu məqsədlə Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanına öz xüsusi nümayəndəsini göndərəcək. İyulun 13-də “Star” qəzeti Baş nazir Nəcib Razakın bu barədə bəyanatını dərc edib.
Bəyanatda deyilir: “Müdafiə naziri Hişamuddin Huseyn gələn həftə bu üç ölkəni ziyarət edərək yayanmış vəziyyətin həqiqi səbəblərini araşdıracaq. Biz problemin həllinə kömək etməyin yollarını aydınlaşdırmağa çalışacağıq”. Baş nazir əlavə edib ki, müdafiə naziri davam edən böhranla əlaqədar Malayziyanın və regionun digər ölkələrinin narahatlığını da çatdıracaq.
Hökumətin başçısı, həmçinin gərginliyi azaltmaq üçün Küveyt əmrinin fəaliyyətini dəstəklədiklərini də ifadə edib. Bundan əlavə, N.Razak qeyd edib ki, yaranmış vəziyyətdə Kuala Lumpur neytral mövqe tutur və digər ölkələri də üçüncü ölkələrin daxili işlərinə qarışmamağa çağırır.
Xatırladaq ki, iyunun 5-də Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn və Misir Qətəri terrorizmi dəstəkləməkdə və onların daxili işlərinə müdaxilədə ittiham edərək bu ölkə ilə diplomatik əlaqələri kəsiblər.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio