ELM VƏ TƏHSİL
Malayziya Texniki Universiteti ilə əməkdaşlıq əlaqələrinin qurulmasına dair razılıq əldə olunub
Bakı,10 noyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutunda Malayziya Texniki Universitetinin (MTU) fəxri professoru Datuk Şahrin Sahib ilə görüş keçirilib. Görüşdə hər iki qurum arasında əməkdaşlıq əlaqələrinin qurulmasına dair razılıq əldə olunub.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, institutun texnologiyalar üzrə direktor müavini, dosent Rəşid Ələkbərov informasiya texnologiyaları və informasiya cəmiyyəti problemlərinin müxtəlif istiqamətləri üzrə aparılan elmi tədqiqatlar barədə danışıb. Bildirib ki, qurumda informasiya təhlükəsizliyi, Big Data, biometrik texnologiyalar, informasiya və biliklər iqtisadiyyatı, proqram mühəndisliyi, e-dövlətin formalaşması, e-təhsil, e-tibb və s. istiqamətlərdə araşdırmalar aparılır.
R.Ələkbərov institutun “AzScienceNet” elm-kompüter şəbəkəsi barədə də məlumat verib. Alim, həmçinin informasiya texnologiyaları sahəsi üzrə yüksəkixtisaslı kadr hazırlığı, elmi əməkdaşlıq əlaqələrinin inkişafı istiqamətində institutda görülən işləri də diqqətə çatdırıb.
Malayziyalı professor üç şəhərcikdən ibarət olan MTU-da texnologiya və mühəndislik sahələri üzrə təhsilin həyata keçirildiyini diqqətə çatdırıb. Qeyd edib ki, universitetdə 81 proqram üzrə 11 mindən çox tələbə təhsil alır. Ötən il universitetin ümumilikdə 2792 məzunu olub.
Qonaq İnformasiya Texnologiyaları İnstitutunda yaradılmış şəraiti yüksək qiymətləndirib.
Sonra MTU-nun fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.