DÜNYA
Malayziya artan terror təhlükəsi ilə əlaqədar hava patrulu yaratmağı təklif edib
Tokio, 14 iyun, AZƏRTAC
Malayziya İŞİD tərəfindən artan terror təhlükəsi ilə əlaqədar Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyası (ASEAN) ölkələrinə regionda birgə hava patrulu yaratmağı təklif edib. Bu barədə “The Straits Times” qəzeti ölkənin müdafiə naziri Hişamuddin Hüseynə istinadla məlumat yayıb.
Nazirin sözlərini sitat gətirən qəzet yazır: “Biz İŞİD yaraqlılarını regiona buraxmamaq üçün mümkün olan hər şeyi etməliyik. Yaxın günlərdə biz dənizdə patrul xidmətinə başlayacağıq”.
Malayziya İndoneziya və Filippinlə birlikdə iyunun 19-dan dəniz patruluna başlamağı planlaşdırır. Onun əsas vəzifəsi kommersiya gəmilərinə hücumun və Filippinin cənubundakı terrorçuların qonşu ölkələrə keçməsinin qarşısını almaqdır. H.Hüseyn təklif edib ki, sonra buna bənzər hava patrulu da təşkil etmək olar.
Nazirin sözlərinə görə, əgər vəziyyəti nəzarətə götürmək mümkün olmasa, yalnız ASEAN regionu deyil, qonşu ölkələr, məsələn Avstraliya, Çin və Yeni Zelandiya da zərər çəkə bilər.
Filippində ordu ilə yaraqlılar arasında baş verən silahlı qarşıdurmaya görə, İndoneziya və Malayziyada da hüquq-mühafizə orqanları hazır vəziyyətə gətirilib.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio