DÜNYA
Malayziya məhkəməsi Kim Çen Namın qətlində təqsirli bilinən vyetnamlı qadını azad etməyib
Tokio,14 mart, AZƏRTAC
Martın 14-də Malayziya məhkəməsi Şimali Koreya lideri Kim Çen Inın böyük qardaşı Kim Çen Namın qətlində təqsirli bilinən Vyetnam vətəndaşı Doan Thi Xıonqa qarşı ittihamın ləğv olunmasından imtina edib.
AZƏRTAC Bernama agentliyinə istinadla xəbər verir ki, həmin qadın artıq iki ildən çoxdur həbsdə saxlanılır. Bildirilir ki, dövlət ittihamçıları həmin qadın barəsində cinayət işinin dayandırılması barədə məsələ qaldırmayıblar.
Xəbər verdiyimiz kimi, martın 11-də məhkəmə dövlət ittihamçısının 26 yaşlı İndoneziya vətəndaşı Siti Aysianın üzərindən bütün ittihamların götürülməsi barədə xahişini qəbul edib. Məhkəmə zalında azad edilən həmin qadın tezliklə öz vətəninə dönüb.
Buna qədər prokurorlar həmin qadınların qətlin hazırlanmasında məlumatlı olduqlarını təkid edərək, onlara qarşı ölüm hökmünün çıxarılmasını tələb edirdilər. Vəkillər isə əmindirlər ki, həmin qadınlar qətl planından xəbərsiz olublar və gizli kamera ilə çəkilən əyləncə proqramına qatıldıqlarını güman ediblər.
Xatırldaq ki, Kim Çen Nam 2017-ci il fevralın 13-də Kuala Lumpur aeroportundan xəstəxanaya gedən yolda dünyasını dəyişib. Polisin bildirdiyinə görə, o, güclü baş gicəllənməsindən şikayət edərək, onun üzünə naməlum şəxslər tərəfindən maye sıçradıldığını bildirirmiş. Malayziya hakimiyyət orqanlarının bildirdiyinə görə, Kim Çen Nam VX zəhərli maddəsinin təsiri nəticəsində ölüb.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio