SİYASƏT
Malayziyanın BERNAMA agentliyi Azərbaycanın Xarici İşlər nazirinin geniş müsahibəsini yayıb
Kuala Lumpur, 9 iyul, AZƏRTAC
Malayziya Milli Xəbərlər Agentliyi (BERNAMA) Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarovun diplomatik xidmət orqanlarımızın 100 illik yubileyi münasibətilə müsahibəsini yayıb.
AZƏRTAC xəbər verir ki, müsahibə üç hissədən ibarət olaraq “Azərbaycanın xarici işlər naziri: Malayziya Azərbaycanın ASEAN regionunda və İslam dünyasında vacib tərəfdaşıdır”, “Azərbaycan sədrliyi dövründə Qoşulmama Hərəkatının nüfuzunu artırmaq istəyir” və “Azərbaycan müstəqil və çoxşaxəli xarici siyasətini davam etdirəcək” başlıqları altında yayımlanıb.
Xarici İşlər naziri E.Məmmədyarov müsahibəsində Azərbaycanın dövlətçilik ənənələri, ölkəmizin xarici siyasəti, diplomatiyamızın tarixi və nailiyyətlərindən danışıb.
Nazir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmizin milli maraqlarına əsaslanan və milli mənafelərimizin beynəlxalq müstəvidə qorunmasına xidmət edən müstəqil, çoxşaxəli, tarazlaşdırılmış və fəal xarici siyasətin davam etdiriləcəyini bildirib. Azərbaycanın xarici siyasət prioritetlərinə ölkəmizin suverenliyi və müstəqilliyinin möhkəmləndirilməsinin, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün nəticələrinin aradan qaldırılmasının və ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünün bərpa edilməsinin, eyni zamanda, Azərbaycanın təşəbbüskarı və iştirakçısı olduğu irimiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsinin davam etdirilməsinin və bütün beynəlxalq aktorlar, o cümlədən dövlətlər, birliklər və beynəlxalq təşkilatlarla qarşılıqlı faydalı əməkdaşlığın daha da inkişaf etdirilməsinin daxil olduğu diqqətə çatdırılıb. Bu gün Azərbaycanın beynəlxalq və regional müstəvidə nüfuz sahibi olduğu və etibarlı tərəfdaş kimi dəyərləndirildiyi, ölkəmizin xarici siyasət nailiyyətlərinin onun qonşu dövlətlər və dünyanın digər ölkələri ilə tarazlaşdırılmış əlaqələr qurmasına, qarşılıqlı maraqlara söykənən bərabərhüquqlu dialoq və əməkdaşlıq münasibətlərini həyata keçirməsinə əsaslandığı qeyd edilib. Son illər ərzində Bakının mədəniyyətlər, dinlər və sivilizasiyalar arasında dialoq dəyərlərini təşviq edən aparıcı platformalardan birinə çevrildiyi bildirilib.
E.Məmmədyarov 2019-cu ildə Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illik yubileyinin qeyd edildiyini və bunun Azərbaycan diplomatiyasının tarixində mühüm hadisə olduğunu vurğulayıb. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 24 avqust tarixli Sərəncamı ilə 9 iyul tarixinin Azərbaycan diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günü elan edildiyi, məhz bu tarixin seçilməsində 1919-cu il iyulun 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin Xarici İşlər Nazirliyinin katibliyinə dair müvəqqəti təlimat qəbul etməsinin əsas götürüldüyü diqqətə çatdırılıb.
Azərbaycanın dövlətçilik ənənələrindən danışan nazir tarix boyu xalqımızın azadlığını qoruyub saxlamaq üçün güclü iradə nümayiş etdirdiyini vurğulayıb. Azərbaycan Xalq Cümhuriyyətinin müsəlman Şərqində ilk parlamentli respublika olduğu, 1918-ci il mayın 28-də Azərbaycan Milli Şurası tərəfindən qəbul edilən İstiqlaliyyət Bəyannaməsində Azərbaycan Xalq Cümhuriyyətinin milliyyətindən, dinindən, sosial vəziyyətindən və cinsindən asılı olmayaraq öz sərhədləri daxilində yaşayan bütün vətəndaşlarına vətəndaşlıq və siyasi hüquqları təmin etdiyinin, həmçinin beynəlxalq birliyin bütün üzvləri ilə mehriban qonşuluq münasibətlərinin qurulması əzminin qeyd olunduğunu bildirib.
Azərbaycanın Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasına (ASEAN) üzv dövlətlərlə, o cümlədən Malayziya ilə münasibətlərindən danışan E.Məmmədyarov Malayziyanın ASEAN regionunda və İslam dünyasında Azərbaycanın vacib tərəfdaşı olduğunu, ölkəmizin Malayziya ilə dostluq, qarşılıqlı anlaşma və etimad şəraitində sıx dialoq və əməkdaşlığa böyük əhəmiyyət verdiyini vurğulayıb. Xalqlarımızın mənafeyi naminə ikitərəfli əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük imkanların olduğu və hər iki ölkənin bu istiqamətdə qəti əzm nümayiş etdirdiyini qeyd edib. 2018-ci ildə Azərbaycan ilə Malayziya arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyinin tamam olduğu, ötən dövrdə iki ölkə arasında dostluq münasibətlərinin daha da gücləndiyi, qarşılıqlı maraq kəsb edən sahələrdə, o cümlədən beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın əhəmiyyətli dərəcədə inkişaf etdiyini diqqətə çatdırıb. 2014-cü ildə Azərbaycan ilə Malayziya arasında dostluq münasibətləri və tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalandığı, Azərbaycan hökumətinin Malayziyanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyini yüksək qiymətləndirdiyini vurğulayıb.
Müsahibədə, həmçinin Azərbaycan-Malayziya parlamentlərarası əlaqələrinin hazırkı səviyyəsindən məmnunluq ifadə olunub, enerji, ali təhsil, korrupsiyaya qarşı mübarizə və digər sahələrdə, həmçinin Azərbaycanın ilk telekommunikasiya peykinin orbitə buraxılmasında səmərəli ikitərəfli əməkdaşlığın mövcudluğu qeyd edilib. İki ölkə arasında ticarət mübadiləsinin həcminin və xalqlar arasında təmasların artırılmasının vacibliyi vurğulanıb.
Nazir Azərbaycanın ASEAN-a üzv dövlətlərlə siyasi, iqtisadi, humanitar və digər sahələrdə əlaqələri ardıcıl şəkildə inkişaf etdirdiyini, bir çox sahələrdə, o cümlədən ticarət, investisiya və turizm sahələrində ikitərəfli əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanların olduğunu diqqətə çatdırıb.
Azərbaycanın 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına sədrliyindən danışan E.Məmmədyarov sədrliyimizin təşkilatın beynəlxalq nüfuzunun daha da güclənməsi məqsədilə üç əsas prioritet - Bandunq prinsiplərinin təşviqi, Hərəkat daxilində birliyin möhkəmləndirilməsi və Hərəkatın effektivliyinin artırılması üzərində qurulacağını bildirib. Qoşulmama Hərəkatında sədrliyimizin Azərbaycanın mövqeyinin beynəlxalq səviyyədə çatdırılması və ölkəmizin irəli sürdüyü təşəbbüslərin həyata keçirilməsi üçün əlavə imkanlar yaradacağı, bununla da ölkəmizin beynəlxalq müstəvidə nüfuzunun daha da artmasına xidmət edəcəyi qeyd olunub. 2018-ci ilin aprelində Bakıda keçirilmiş Qoşulmama Hərəkatına üzv dövlətlərin nazirlər görüşünün yekun sənədində Azərbaycanın bir sıra təşəbbüslərinə dəstək nümayiş etdirildiyi, həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə uyğun olaraq Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həllinin vacibliyinin vurğulandığı diqqətə çatdırılıb.
Xarici İşlər naziri Elmar Məmmədyarovun müsahibəsi, həmçinin “NAM News Network” xəbər portalında yayılıb, eləcə də ölkənin bir sıra digər kütləvi informasiya vasitələrində dərc edilib.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Kuala Lumpur