ELM VƏ TƏHSİL
Maliyyə-İqtisad Kollecindən 416 tələbə məzun olub
Bakı, 15 iyul, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) nəzdində Maliyyə-İqtisad Kollecinin Pedaqoji Şurasında 2019/2020-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasının nəticələri müzakirə edilib.
Bu barədə AZƏRTAC-a UNEC-dən məlumat verilib. İclasda kollecin şöbə müdirləri İlham Abbasov və Nəzrin Quliyeva imtahan sessiyasının nəticələri barədə hesabatla çıxış ediblər.
Kollecin direktoru dosent Oruc Məmmədov onlayn təşkil olunan imtahanlarda əyani şöbə üzrə 60 faiz, qiyabi şöbə üzrə 85 faiz, ümumilikdə isə 65 tələbənin iştirak etdiyini bildirib. Tələbələrin imtahan nəticələrinin qənaətbəxş olduğu qeyd edilib.
Hesabatda müvəffəqiyyət göstəricisinin əyani şöbə üzrə 92,8 faiz, qiyabi şöbə üzrə 95,1, kollec üzrə 93,2, keyfiyyət göstəricisinin isə əyani şöbə üzrə 68, qiyabi şöbə üzrə 71,5, kollec üzrə 93,2 faiz olduğu deyilib.
İclasda UNEC-in rektorunun kollec üzrə məsləhətçisi professor Nuru Mikayılov imtahan sessiyasının təşkili barədə məlumat verib.
Kollecin Tələbə Gənclər Təşkilatının sədri Fidan Tahirli onlayn imtahan prosesinin uğurla təşkil olunduğunu bildirib.
Pedaqoji Şuranın üzvlərinin cari tədris ilinin bir qrup məzunu ilə videokonfrans formatında görüşü də təşkil olunub.
Qeyd edək ki, 2019/2020-ci tədris ilində kollecdən 416 nəfər məzun olub. Onlardan 42-si kolleci fərqlənmə diplomu ilə bitirib.