İQTİSADİYYAT
Maliyyə Nazirliyi: 419 hərbi qulluqçu yeni mənzillərlə təmin olunacaq
Bakı, 23 iyun, AZƏRTAC
İyunun 23-də Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 2011-ci il 28 dekabr tarixli Fərmanı ilə yaradılmış Komissiyanın növbəti iclası keçirilib.
Maliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, həmin Fərman Azərbaycan Silahlı Qüvvələrində 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların dövlət vəsaiti hesabına alınmış mənzillərlə təmin olunmasını nəzərdə tutur.
Komissiyanın sədri, Maliyyə naziri Samir Şərifov iclası açaraq bildirib ki, hərbi qulluqçuların mənzil təminatı Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin xüsusi diqqət və nəzarətindədir. Bu tədbirlərin həyata keçirilməsi ilə bağlı hər il dövlət büdcəsinin imkanları daxilində müvafiq məbləğdə vəsait ayrılır.
Komissiyanın iclasında hazırda mənzil növbəsində olan 666 nəfər hərbi qulluqçudan 419-nun Bakı və Naxçıvan şəhərlərində tam təmirli mənzillərlə təmin olunması və bu məqsədlərə 2020-ci ilin dövlət büdcəsində ayrılmış 30,1 milyon manat vəsaitin yönəldilməsi barədə qərarlar qəbul edilib.
Beləliklə, Azərbaycan Respublikası Prezidentinin Fərmanının icrası olaraq bu günədək dövlət vəsaiti hesabına 20 il və daha çox xidmət etmiş 2140 nəfər hərbi qulluqçu Bakıda və respublikanın müxtəlif regionlarında mənzillərlə təmin olunub.