İQTİSADİYYAT
Maliyyə Nazirliyi siyasi partiyalarda mühasibat uçotunun aparılması və maliyyə hesabatlarının tərtibi ilə bağlı seminarlar təşkil edəcəkdir
Bakı, 1 fevral (AZƏRTAC). Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzində (Heydər Əliyev prospekti, 50) siyasi partiyalar tərəfindən illik maliyyə hesabatlarının hazırlanması və təqdim edilməsi üzrə həmin təşkilatların baş mühasibləri və ya illik maliyyə hesabatlarını tərtib edən əməkdaşları üçün seminarların keçirilməsinə başlanılacaqdır.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, siyasi partiyalarda mühasibat uçotunun aparılması və maliyyə hesabatlarının tərtibi ilə bağlı seminar-praktikumlar fevralın 13-15, 19-21 və 25-27-si arası təşkil ediləcəkdir. Seminarlarda “Siyasi partiyalarda maliyyə hesabatlarının tərtibi üzrə konseptual əsaslar”, “Siyasi partiyalarda mühasibat uçotunun aparılması və maliyyə hesabatlarının tərtibi” mövzularda təlimlər keçiriləcəkdir.
“Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq siyasi partiyalar üzrə illik maliyyə hesabatları hesabat dövrü başa çatdıqdan sonra növbəti ilin aprel ayının 1-dən gec olmayaraq Maliyyə Nazirliyinə təqdim edilməlidir.