CƏMİYYƏT


Maliyyə dələduzluq piramidası yaradaraq vətəndaşların pulunu ələ keçirən mütəşəkkil dəstəsinin üzvləri saxlanılıblar VİDEO

Bakı, 29 noyabr, AZƏRTAC

Daxili İşlər Nazirliyinə (DİN) son dövrlərdə əsasən sosial şəbəkələrdə maliyyə piramidası şəklində şəbəkə quraraq dələduzluq sxemi yaradıb vətəndaşların külli miqdarda pul vəsaitlərinin ələ keçirildiyi barədə zərərçəkənlərdən çoxsaylı şikayətlər daxil olub.

DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu məlumatlar nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində hərtərəfli araşdırılıb və təhlil edilib. Araşdırma zamanı Azərbaycanda son dövrlər xüsusən internet istifadəçiləri arasında əsası 2018-ci ildə xarici ölkələrdən birində qoyulan “Crowd-1” dələduzluq sxeminin toruna düşən şəxslərin üstünlük təşkil etdiyi müəyyənləşdirilib.

Baş İdarənin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ölkə ərazisində yayılmış “Crowd-1” dələduzluq sxeminə rəhbərlik edən şəxslər müəyyənləşdirilib. Qeyd olunan beynəlxalq dələduzluq piramida sxemini təşkil etməklə ona rəhbərlik edən Habil Bədəlov və digər beş şəxslə bağlı əməliyyat-texniki tədbirlər keçirilib, dəstənin cinayət əməlləri barədə sübutlar toplanılıb. Şəbəkəyə rəhbərlik edən Habil Bədəlov və üzvləri Amin Hüseynov, Əlövsət Mazandarov, Səbahir Fərzəliyev, Yasin Əmirli və Göyçək Dünyamalıyeva qısa zamanda saxlanılaraq Baş İdarəyə gətirilib və onlar ilkin izahatlarında “Crowd-1”in piramida dələduzluq sxemi olduğunu etiraf ediblər. Onlara məxsus Bakı və Gəncədə şəhərlərindəki ofislərə baxış keçirilən zaman iş üzrə əhəmiyyət kəsb edən elektron sübutlar aşkarlanaraq götürülüb.

Araşdırma zamanı məlum olub ki, onlar dələduzluq piramidasına bu müddət ərzində xeyli sayda vətəndaşı cəlb edə biliblər. Dəstə üzvləri onlara müraciət edən şəxsləri guya beynəlxalq şirkətə investisiya qoyduqlarını və bu işdən yüksək qazanc əldə edəcəklərinə inandıraraq vətəndaşların etibarından sui-istifadə etməklə aldadıblar. Piramidaya qoşulan şəxslərə əvvəlcədən vəd olunub ki, üç fərqli paketlərdən birini əldə etdikdə oyun, təhsil, turizm və sair sahələrlə əlaqəli platformalarda endirimlər, eləcə də “Crowd-1”ə cəlb etdikləri hər bir şəxsə görə, həmçinin qoşulma üçün ödədikləri pullardan aylıq gəlir şəklində ödənişlər əldə edəcəklər.

Müəyyənləşdirilib ki, dələduz şəbəkənin təklif etdiyi platformaların heç biri fəaliyyət göstərmir. Həmçinin vətəndaşlara “Crowd-1” şəbəkəsinə ödənilən pullardan vəd olunan gəlirlər həmin şəbəkə daxilində istifadəçilərin hesablarında göstərilsə də, o pulları nağdlaşdırmaq və ya bank kartlarına köçürmək mümkün deyil. “Crowd-1” zərərçəkənlərə 99 avrodan 2499 avroyadək ödəniş paketləri təklif edib.

Faktla bağlı Baş İdarənin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Mütəşəkkil dəstənin başçısı Habil Bədəlov və digər beş nəfər istintaqa cəlb edilib. Onların barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Göstərilən xüsusatların tam, hərtərəfli araşdırılması, həmçinin dəstənin digər üzvlərinin müəyyənləşdirilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.