İQTİSADİYYAT
Maqnitoqorsk şəhəri Azərbaycanla iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsinə maraq göstərir
Rusiya Federasiyasının digər subyektləri kimi, Maqnitoqorsk şəhəri də ölkəmizlə iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsinə maraq göstərir.
Oktyabrın 21-də Maqnitoqorsk şəhərinin Deputatlar Şurasının sədri Aleksandr Morozovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunda (AZPROMO) keçirilən görüşdə tərəflər investisiya imkanları barədə ətraflı məlumat veriblər.
AZPROMO-dan AZƏRTAC-a bildiriblər ki, Azərbaycanda investisiya mühiti və biznes imkanlarına dair təqdimatla çıxış edən fondun rəhbəri Rüfət Məmmədov ölkəmizin qazandığı iqtisadi uğurlardan, həyata keçirilən irimiqyaslı regional layihələrdən, sahibkarlar üçün yaradılmış əlverişli biznes və investisiya mühitindən bəhs edib.
Aleksandr Morozov ölkəmizə səfərindən, Azərbaycandakı sosial-iqtisadi inkişafdan məmnunluğunu bildirib, Maqnitoqorska investisiya qoyuluşu imkanları barədə məlumat verib.
Rusiyalı iş adamlarının da iştirak etdiyi tədbirdə Maqnitoqorsk şəhərinin investisiya və biznes imkanlarına dair film nümayiş olunub, əməkdaşlığın genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb, qonaqları maraqlandıran suallar cavablandırılıb.