İDMAN
Maqsud Maqsudov: Qələbəmi ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizə həsr edirəm
Bakı, 26 noyabr, Həsrət Mahmudova, AZƏRTAC
Bakıda keçirilən batut gimnastikası və tamblinq üzrə Dünya Yaş Qrupları Yarışlarında qazandığım qələbəni Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinə həsr edirəm.
Bu barədə AZƏRTAC-a 13-14 yaş qrupunda kişilər arasında batut üzrə fərdi hərəkətlərdə qızıl medal qazanan gimnastımız Maqsud Maqsudov deyib.
İdmançı bildirib ki, yarışlar əla, müsbət ab-havada keçirilib: “Nəticədən razıyam və qazanılan medala görə şadam. Məqsədimizə nail ola bildik, bu, çox yaxşı nəticədir. Proqramı həyata keçirərkən öz bacarıqlarımı nümayiş etdirmək, hər şeyi səhvsiz etmək istəyirdim. Bu, artıq mənim batut gimnastikası və tamblinq üzrə Dünya Yaş Qrupları Yarışlarında ikinci qızıl medalımdır, ümid edirəm ki, gələcəkdə də bu cür davam edəcəm".
Maqsud Maqsudov öz ailəsinə minnətdarlığını bildirib, yaxınlarının ona hər zaman dəstək və köməklik göstərdiyini söyləyib.
Qeyd edək ki, Milli Gimnastika Arenasında 4 gün davam edəcək yarışda ölkəmizi 15 gimnast təmsil edəcək. Yarışda 32 ölkədən 621 idmançı mübarizə aparır. Gimnastlar həm batut, həm tamblinq, həm də ikili minibatut üzrə yarışlarda 11-12, 13-14, 15-16 və 17-21 yaş kateqoriyalarında çıxış edəcəklər. Turnirdə gimnastlar batut üzərində fərdi və sinxron tullanışlar, tamblinq və ikili minibatut üzrə proqramlarda mübarizə aparacaqlar. Bundan əlavə, komanda hesabında da qaliblər müəyyənləşəcək.
Yaş qrupları yarışlarında hər bir proqram üzrə təsnifat və final mərhələləri keçiriləcək. Qaydalara əsasən, bir iştirakçı bir neçə proqramda çıxış edə bilər.