DÜNYA


Mario Draqi İtaliyada yeni hökumətin tərkibini təqdim edib

Roma, 13 fevral, AZƏRTAC

İtaliyada yeni hökumətin qurulması mandatını alan Avropa Mərkəzi Bankının (AMB) keçmiş rəhbəri Mario Draqi ölkədəki aparıcı siyasi qüvvələrlə danışıqları başa vurub və fevralın 12-i axşam saatlarında rəhbərlik edəcəyi yeni hökuməti rəsmən təqdim edib.

AZƏRTAC xəbər verir ki, dövlət başçısı Sercio Mattarella ilə görüşdən sonra M.Draqi yeni hökumətdə vəzifə tutacaq nazirlərin adlarını açıqlayıb. Qeyd edilib ki, yeni kabinetdə 15 siyasətçi və səkkiz ekspert yer alır. Bundan əvvəlki hökumətdəki xarici işlər naziri Luici Di Mayo və səhiyyə naziri Roberto Speranza öz vəzifələrini davam etdirəcəklər. Eyni zamanda, heç bir partiyaya üzv olmaya daxili işlər naziri Luçiana Lamorqeze də öz postunda qalıb.

Yeni hökumətdə təmsil olunan sağçı “Leqa” partiyası üç nazirliyə (sənaye, məhdudiyyətli şəxslərin cəmiyyətə inteqrasiyası və turizm nazirlikləri) öz nümayəndəsinin təyin olunmasına nail olub. Keçmiş Baş nazir Silvio Berluskoninin rəhbərlik etdiyi “Forza İtalia“ partiyası da bir neçə nazir postu əldə edib.

Fevralın 13-də yeni hökumətin andiçmə mərasimi keçiriləcək. Gələn həftə isə M.Draqi parlamentin hər iki palatasında etimad votumunda iştirak etməlidir. Parlamentdə əsas siyasi qüvvə olan “Beş ulduz hərəkatı“ partiyası M.Draqi hökumətini dəstəkləyəcəyini elan etdikdən və yeni hökumətdə nazir postları əldə etdikdən sonra, M.Draqinin parlamentdən lazımi etimadı alacağı gözlənilir.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Roma 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.