DÜNYA
Mark Sukerberq və həyat yoldaşı məhkəməyə verilib
Bakı, 27 oktyabr, AZƏRTAC
Feysbuk sosial şəbəkəsinin qurucusu Mark Sukerberqə və həyat yoldaşı Prissilla Çana məxsus kompaniyalardan birinin sabiq əməkdaşları keçmiş sahiblərini məhkəməyə veriblər.
AZƏRTAC NBC telekanalına istinadla xəbər verir ki, məhkəmə şikayətində zərər çəkən şəxslərin çalışdığı strukturun daxilində onlara qarşı təqiblərdən bəhs olunur.
Sukerberq ailəsinin kompaniyasında çalışan iki nəfər digər işçiləri seksual zorakılıqda və diskriminasiyada ittiham edir. Məhkəmə sənədlərinə əsasən, cinsi azlıqların nümayəndələri olan iddiaçılar həm oriyentasiyalarına, həm də dərilərinin rənginə görə təzyiqlərə məruz qalıblar.
Mark Sukerberqə məxsus kompaniyaların ən böyüyü olan feysbuk məhkəmə prosesində iştirak etmir. Materialda Mark Sukerberqin və həyat yoldaşının tabeçiliyində olanları şəxsən təqib etməsindən bəhs olunmur, lakin onlar iddia üzrə cavabdehdirlər. Prissilla Çanın nümayəndəsi isə öz növbəsində ittihamların sübuta yetirilə bilməyəcəyini deyib.
Telekompaniyanın məlumatına görə, hələlik bu işlə bağlı məhkəmə iclası təyin edilməyib.