CƏMİYYƏT


Marneuli rayonunun Qaçağan kəndində yeni İcma mərkəzi açılıb

Tbilisi, 15 dekabr, AZƏRTAC

Gürcüstanda, azərbaycanlıların yığcam yaşadığı Marneuli rayonunun Qaçağan kəndində yeni İcma mərkəzi istifadəyə verilib.

AZƏRTAC xəbər verir ki, İcma mərkəzindən Qaçağan kəndi ilə yanaşı, qonşu Təkəli, Xancığazlı, Ağaməmmədli, Qasımlı, Ulaşlı, Kirəç Muğanlı kəndlərinin də 20 minə yaxın sakini istifadə edə biləcək.

Gürcüstan ərazisində sayca 74-cü olan mərkəzdə yerli sakinlərə dövlət və özəl sektor üzrə 200-dən çox xidmət göstəriləcək.

Mərkəzin açılış mərasimində Gürcüstan Baş Nazirinin müavini, Ədliyyə naziri Tea Tsulukiani bildirib ki, etnik azlıqların yaşadığı yerlərdə icma mərkəzlərinin inşa edilməsi hökumətin əsas prioritetlərindən biridir. Bu vaxta qədər kəndlərin sakinləri sənədlərin rəsmiləşdirilməsi və dövlət xidmətləri üçün Marneuli rayonunun mərkəzinə getməli olurdular. Onların bu problemi artıq öz həllini tapıb.

İcma mərkəzi müasir kitabxana və konfrans zalı ilə də təmin olunub.

Mərasimdə Gürcüstan Baş Nazirinin regional məsələlər üzrə müşaviri Sozar Subari, Kvemo Kartli bölgəsi qubernatorunun müavini Kaxa Koberidze, Marneuli rayonunun icra başçısı Zaur Darğallı və digər rəsmi şəxslər iştirak ediblər.

 

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.