CƏMİYYƏT
Marneulidə “Etnik azlıqlar üçün pulsuz hüquqi dövlət xidmətlərindən istifadə” adlı layihə çərçivəsində görüş keçirilib
Tbilisi, 20 aprel, AZƏRTAC
Gürcüstanın barışıq və vətəndaş bərabərliyi üzrə dövlət nazirinin təşəbbüsü və Hüquqi Yardım Xidməti ilə əməkdaşlıq sayəsində bu ölkədə “Etnik azlıqlar üçün pulsuz hüquqi dövlət xidmətlərindən istifadə” adlı məlumat kampaniyası çərçivəsində görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, Marneuli meriyasında təşkil olunan görüşdə merin müavini Laşa Lobjanidze və 18 kəndin ərazi vahidliyinin icra nümayəndələri, həmçinin İlya Universitetinin azərbaycanlı tələbələri iştirak ediblər.
Barışıq və vətəndaş bərabərliyi üzrə dövlət nazirinin Kvemo Kartli üzrə müşaviri Ayaz Məmmədov tədbirdə çıxış edərək müasir şəraitdə etnik azlıqlar üçün pulsuz hüquqi dövlət xidmətlərinin vacibliyindən danışıb.
O, tədbir iştirakçılarına gürcü və Azərbaycan dilində mövzu ilə bağlı ətraflı məlumat verib.
Onun sözlərinə görə, dövlət naziri Tea Axvlediani kampaniya çərçivəsində ölkə ərazisində keçirilən görüşlərdə vətəndaş bərabərliyi siyasətinin prioritet istiqamətlərindən biri olan etnik azlıqların nümayəndələri üçün dövlət proqramları və müxtəlif mövzularda məlumatlılığın artırılmasının təmini məqsədilə müəyyən tədbirlər planı hazırlayıb.
A.Məmmədov etnik azlıqlar üçün təmənnasız hüquqi xidmətlərin vətəndaş bərabərliyi və dövlət siyasətinin inteqrasiyasının prioritetlərindən biri olduğunu qeyd edib. Bildirib ki, görüşlər aprelin 15-dən başlayıb və layihə çərçivəsində bölgələrdə, o cümlədən Kvemo Kartlinin munisipalitetlərində (Marneuli, Bolnisi, Dmanisi, Tsalka, Tetritskaro və Qardabanidə), eləcə də həmin bölgələrin kəndlərində sözügedən məlumat kampaniyası keçiriləcək.
Qeyd edək ki, layihə çərçivəsində aprelin 21-də Bolnisinin azərbaycanlılar yaşayan Saraçlı (Mamxuti) kəndindəki ictimai məktəbdə şagird və müəllim kollektivinin, həmçinin valideynlərin iştirakı ilə sözügedən məlumat xarakterli kampaniya ilə bağlı tədbir keçiriləcək.
Xatırladaq ki, “Etnik azlıqlar üçün hüquqi dövlət xidmətlərindən təmənnasız istifadə” adlı məlumat kampaniyası barışıq və vətəndaş bərabərliyi üzrə dövlət nazirinin təşəbbüsü və Hüquqi Yardım Xidməti ilə əməkdaşlıq çərçivəsində, həmçinin ABŞ Beynəlxalq İnkişaf Agentliyi və BMT-nin Gürcüstan Assosiasiyasının dəstəyi ilə keçirilir.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi