ELM VƏ TƏHSİL
Marneulidə milli azlıqların təhsilində mövcud problemlərə həsr olunmuş tədbir keçirilmişdir
Marneuli, 18 iyul (AZƏRTAC). Gürcüstan azərbaycanlılarının yığcam yaşadıqları Kvemo Kartli-Borçalı bölgəsinin Marneuli şəhərində Reinteqrasiya Məsələləri üzrə Gürcüstan Dövlət Nazirliyinin və Marneuli Rayon Məşğulluq Mərkəzinin birgə təşkilatçılığı ilə milli azlıq nümayəndələrinin Təhsil və Elm Nazirliyinin rəsmiləri ilə görüşü keçirilmişdir.
Mərkəzin əlaqələndiricisi Zaur Darğallı AZƏRTAC-ın xüsusi müxbirinə demişdir ki, bu cür tədbirlərin keçirilməsi artıq ənənəyə çevrilmiş və müsbət nəticə verir. Müvafiq dövlət qurumlarının nümayəndələri mövcud vəziyyət barədə bilavasitə yerli əhalidən məlumat alır və bu, problemlərin vaxtında aşkar olunub həll edilməsinə imkan yaradır.
Zaur Darğallı bu görüşdə milli azlıqların məktəblərində mövcud olan problemlər barədə müzakirələr aparıldığını qeyd etmişdir. O, “Gürcü dili gələcək uğurlar naminə”, “Gürcü dilini ikinci dil kimi öyrənək” proqramlarının həyata keçirilməsində əldə olunmuş nəticələr, milli azlıqların Gürcüstanın ali məktəblərində təhsil almaları, Azərbaycan məktəblərində peşəkar kadrlar problemi, dərsliklərin keyfiyyəti və başqa məsələlərin geniş müzakirə mövzusuna çevrildiyini vurğulamışdır.
Gürcüstan Təhsil və Elm Nazirliyinin milli təhsil planları və ümumi təhsilin inkişafı departamentinin əməkdaşı Maya Melikidze, müəllimlərin peşəkarlığının inkişafı milli mərkəzinin əməkdaşları Maka Cilaşvili, Tamar Kekelidze, Reinteqrasiya Məsələləri üzrə Gürcüstan Dövlət Nazirliyi aparatının vətəndaş inteqrasiyası idarəsinin rəisi Tina Qoqeliani və başqaları iştirakçılarla bu mövzular ətrafında ətraflı fikir mübadiləsi aparmışlar.
Gürcüstan Azərbaycanlıları Gənclər İttifaqının sədri Leyla Məmmədova, “Göyərçin” qeyri-hökumət təşkilatının rəhbəri Səbinə Talıbova, “Qarapapaqlar” jurnalının redaktoru Akif Xansultanlı və başqaları diqqəti gürcü dilindən tərcümə olunmuş dərsliklərdə səhvlər, məktəblərdə kadr çatışmazlığı, gürcü dilinin tədrisində və digər sahələrdə mövcud problemlərə cəlb etmişlər.
Tədbirdə Gürcüstan Baş nazirinin milli məsələlər üzrə köməkçisi Savalan Mirzəyev iştirak etmişdir.
İslam Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Marneuli